
- Дата: 3-03-2025, 10:59
- Автор: anskanal
“Avropa liderlərinin Ukrayna və Avropanın təhlükəsizliyi məsələlərinə dair görüşləri iki-üç həftədən bir keçirilə bilər”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib.
Nazir bildirib: “Avropa liderləri həll yollarını müzakirə etmək üçün bir araya toplaşıblar. Belə görüşlər gələcəkdə də davam edəcək”.
Türkiyəli diplomat qeyd edib ki, ABŞ-nin son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında Ukrayna məsələsi və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaradıb:
“Bu məsələ açıq şəkildə müzakirə olunur. Müzakirələri diqqətlə izləyirik. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağına birlikdə baxacağıq”.
Noyabrın 9-da, ABŞ seçkilərindən bir neçə gün sonra demişdim: Ən keçərli planlardan biri ikili şantajdır. Bu, Amerikanın keçən əsrin ortalarında bir çox ölkələrdə və münaqişələrdə tətbiq etdiyi yoldur: yəni hər iki tərəfə çox sərt şərtlər irəli sürərək anlaşmaya məcbur etmək. Məsələn, Donald Tramp Rusiyaya deyə bilər ki, Amerikanın şərtləri çərçivəsində anlaşmasa, Ukraynaya bütün müasir silahları verəcək. Eyni zamanda Ukraynaya bildirər ki, bizim şərtlərlə razılaşmasanız hərbi yardımları dayandırarıq. İndiki dövrdə münaqişənin dondurulması daha real görünür və məsələnin kökündən həlli mümkün deyil. Sadəcə olaraq qarşılıqlı güzəştlər çərçivəsində savaş dondurula bilər.
Axar.az xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli 28 fevralda Ağ Evdə Ukrayna və ABŞ liderləri Zelenski və Tramp arasında baş verən qalmaqal haqda qeyd edib.
O bildirib ki, ABŞ-da, Ağ Evdə baş verən Tramp-Zelenski “söz davasının” nəticələri haqqında soyuq başla düşünmək çətindir, amma başqa yol da yoxdur:
“Çünki baş verənlər dünyanın gələcəyinə, o cümlədən bizim bölgənin taleyinə təsirsiz ötüşməyəcək. Problem odur ki, Ukrayna müharibə aparmaq istəyirsə, ABŞ-a möhtacdır, yox, bu məsələnin sülh yolu, danışıqlarla həllinə çalışacaqsa, yenə ABŞ vazkeçilməzdir.
Ağ Evdə baş verənlərin ən böyük üzücü nəticəsi odur ki, bu hadisə Putinin işinə yaradı. Kreml daha təcrübəli çıxdı, Trampa “yox” demədi, danışıqlara getdi, Zelenski isə emosiyalarının deyil, Avropalı dostlarının qurbanı oldu.
Bu günün Avropası Trampın və komandasının ideoloji düşmənidir, 4 illik dözə bilərlər, amma respublikaçılar uzun müddət hakimiyyətdə qalsa, növbəti seçkilərdə hakimiyyət Münhendə Avropa elitasının üzünə tüpürən Ceyms Vens keçsə, bu, artıq Avropanin indiki elitası üçün dəhşət olacaq. Çünki uzun illər apardıqları axmaq siyasətin köləsinə çevriliblər, Avropada da sürətlə sağ, konservativ siyasi cərəyanlar güclənir”.
N.Cəfərli qeyd edib ki, Münhendə ABŞ-ın Avropaya qarşı tutumu, sonradan Avropanın masadan kənarda qalması “elitanı” qəzəbləndirdi, onlar da Ukrayna əsgərinin canı-qanı hesabına masada yer almağa çalışırlar, bunun üçün Zelenskidən istifadə edirlər:
“Üzücü mənzərədir. İndi Putin, “Mən danışmağa, anlaşmağa, hətta güzətlərə razıyam”, deyir, Trampa, “Görürsən, problem Ukraynada, Avropadadır”, söyləyir. Deməli, “ikili şantaj” metodunun Ukrayna ayağı işə düşür – Moskvanın istədiyi də bu idi. Əgər Zelenski ABŞ-la anlaşsaydı, Avropanın gedərayaq öz maraqlarını düşünən kif basmış “elitasını” dinləməsəydi, bu metodun Rusiya “ayağı” işə düşəcəkdi. Amma hələ də gec deyil, hələ də vəziyyəti düzəltmək olar.
Anlamaq lazımdır ki, müharibənin ən böyük qalibi indidən ABŞ-dır, Ukrayna da, Rusiya da uduzub, sadəcə, bu məğlubiyyəti normal rəsmiləşdirmək lazımdır.
Avropa “siyasi impotentdir”, birləşə, birgə siyasət yürüdə bilmir, Putinin güclənməsinə, harınlamasına səbəb olan da onlardır.
Avropa nə vaxt birləşibsə, Rusiyanın üzərinə gedib, amma məğlub olub. İmperator Napolion Avropanı birləşdirdi, Rusiyaya doğru yürüdü, Moskvanı da aldı və yandırdı, amma sonra məğlub oldu. Ruslar Parisə qədər gəldilər, Avropada gücləndilər. Sonra Hitler eyni şeyi etdi, yenə məğlub oldu, Rus İmperiyasının adı dəyişən, məğzi dəyişməyən SSRİ adlı yeni formatı yenə gücləndi, Avropanın yarısına sahib oldu. Səbəbi çox sadədir – zalım uşaqları ölməyə-öldürməyə hazırdırlar, toplum olaraq o kafanın sahibidirlər.
Amma hər dəfə Avropa nə vaxt Rusiyanın üzərinə gedibsə, bundan yenə ABŞ qazanıb. İndi ABŞ əlini çəksə, Avropa Rusiya ilə vuruşmağa, ölməyə hazırdırmı?! Məncə yox, dərdləri heç Ukrayna da deyil, yeni qurulan “geo-iqtidsadi” təməllər üzərinə inşa edilən dünya düzənində yer almaqdır. Ağılları olsaydı, Türkiyəni 30 il AB qapısında saxlamazdılar, bu gün Türkiyə AB üzvü olsaydı, öz arxasınca Avropanı apara bilərdi – çünki Avropa coğrafiyasında dövlət maraqlarına görə ölməyi, vuruşmağı, qalib gəlməyi gözə alan bircə ölkə var ki, o da Türkiyədir.
Xülasə, Rusiyanı qucaqlayıb boğmaq, iqtisadi olaraq çökdürməkdən başqa yol yoxdur. ABŞ bu gün məhz belə yanaşmanı ortaya qoyur, Reyqanın etdiyini edir, amma hələ də köhnə dünyanın gündəliyi ilə yaşayan “sol-psevdo-liberal” Avropa elitası bunu anlaya, bununla barışa bilmir.
Bu gün Lodonda Ukrayna üçün toplandığı görünən Avropa, əslində, özü üçün, öz problemlərini həll etmək üçün toplanıb. Ciddi qərarlar çıxacağını, birləşib Rusiyanın üzərinə yürüyəcəklərini düşünmürəm, amma möcüzə baş versə, elə qərar çıxsa belə, yenə udan ABŞ olacaq – kənarda gözləyib həm Rusiya, həm də Avropa ilə alverini edəcək (1933-1943-cü illər arası olduğu kimi), sonra qan və güc itirən Avropa və Rusiyaya öz maraqlarını diktə edib, “ağ köynəkli” lider, “ağsaqqal” olub, yenə ən karlı çıxan ölkə olacaq.
Anlayın ki, ABŞ siyasəti fərdlər deyil, Tramp deyil, funksiyadır, illərlə hazırlanan planları həyata keçirən funksiya”.
Ərdoğan hakimiyyəti PKK terrorçuları ilə danışıqlar aparmaq niyyətində deyil, cinayətkarlar ya tərksilah və təslim olacaqlar, ya da hərbi demontaj yolu ilə məhv ediləcəklər... Türkiyə ötən əsrin 70-ci illərindən üzübəri xarici düşmənlərinin yaradıb, dəstəklədiyi PKK problemini təməldən və birdəfəlik həll etməyə indi çox yaxındır...
"Yeni Müsavat" xəbər verir ki, Türkiyə mövcud problemlərinin əhəmiyyətli bir hissəsini artıq real nəticələr ilə həll etməyə başlayıb. Hazırda rəsmi Ankara onilliklər boyu səbrlə gözlədiyi və yaranmasına cəhd göstərdiyi geopolitik situasiyaya nail olmaq üzrədir. Xüsusilə də, Suriya böhranının nizamlanma prosesində olması Türkiyənin maraqlarına tamamilə cavab verir. Hər halda, Əsəd rejiminin devrilməsindən sonra Yaxın Şərqdə Türkiyənin siyasi mövqeyinin hegemon geopolitik iradəyə çevrilməkdə olduğu müşahidə edilir. Və bu, rəsmi Ankaraya öz vazkeçilməz hədəfləri ilə bağlı daha qətiyyətli addımlar atmaq imkanları açır.
Onu da qeyd etmək lazımdır ki, qlobal məkanda yaranmış situasiya da böyük ölçüdə Türkiyənin strateji maraqlarını dəstəkləyir. Belə ki, Ağ Ev Bayden adminstrasiyası dönəmində Suriyanın böyük bir hissəsi ələ keçirmiş PKK-PYD-YPG terror təşkilatını ABŞ-ın bölgədə əsas tərəfdaşları sırasına daxil etmişdi. ABŞ Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən bu terror təşkilatını həm maliyyələşdirirdi, həm də terrorçulara silah-sursat göndərib, hərbi təlimlər keçirdi. Nəticədə bu məsələ ucbatından NATO üzrə müttəfiqlər olan Türkiyə və ABŞ arasında kəskin ziddiyyətlər yaşanırdı.
ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişi ilə situasiya böyük sürətlə dəyişməyə başlayıb. Birincisi, Tramp adminstrasiyası heç bir perspektivi olmayan terror təşkilatlarına, o cümlədən də, PKK-ya daha boşuna külli miqdarda maliyyə xərcləmək istəmir. Eyni zamanda, Ağ Evə yeni dönəmdə Türkiyə kimi önəmli qlobal siyasi iradə mərkəzi ilə ziddiyyətlər qətiyyən sərfəli deyil.
Xüsusilə də, Ukrayna savaşının dayandırılması ilə daha böyük qlobal strateji hədəflərin önünü açmağa can atan ABŞ üçün indi PKK kimi problemlər ən yaxşı halda, geopolitik yük xarakteri daşıyır. Tramp adminstrasiyası isə bu lazımsız yükü ABŞ-ın çiynindən atmaq barədə düşünür. Və bu baxımdan, Ağ Evin yeni Suriya siyasəti indi PKK terror təşkilatının gələcək taleyini böyük təhlükə altında buraxmağa başlayıb.
Məsələ ondadır ki, prezident Donald Tramp ABŞ hərbi bazalarını Suriyadan çıxartmaq niyyətini artıq bəyan edib. Onun fikrincə, PKK-nın mövcudluğunu qoruya bilməsi üçün ABŞ öz hərbi kontingentini Suriyada əbədi saxlamağa borclu deyil. Pentaqon isə Ağ Ev sahibi Donald Trampın bu direktivlərinə uyğun olaraq, ABŞ hərbi bazalarının Suriyadan çıxarılması üçün xüsusi planın hazırlanmasına başlayıb. Və bəzi məlumatlara görə, yaxın altı ay ərzində ABŞ hərbi bazaları Suriyadan tamamilə çıxarılmış olacaq.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ PKK-nı sahibsiz buraxmaq niyyətindədir. Ağ Evin dəstəyi olmadan isə bu terror təşkilatının öz mövcudluğunu qoruya biləcəyi qətiyyən inandırıcı görünmür. Üstəlik, Suriya hazırda məhz Türkiyənin nəzarət bölgəsinə çevrilməkdədir. Rəsmi Ankara yaranmış şansdan istifadə edərək, PKK-nı birdəfəlik sıradan çıxaracağı qətiyyən şübhə doğurmur. Və Suriyanın müvəqqəti keçid hökumətinin də ölkənin parçalanmayacağını, unitar ərazi bütövlüyünü qoruyacağıını birmənalı bəyan etməsi də məhz Türkiyənin PKK ilə mübarizədə ön plana çıxartdığı strateji hədəflərə uyğundur.
Təbii ki, belə situasiyada PKK-nın hərbi yolla demontaj edilməsi qaçılmazdır. Artıq bu təhlükənin ciddiliyini PKK-nın rəhbərliyində olanlar da anlamağa başlayıblar. Ona görə də, mövcud situasiyadan çıxış yollarının axtarılmasına start verilib. PKK-nın Türkiyədə siyasi fəaliyyətlə məşğul olan qanadı bu terror təşkilatının üzvlərini reabilitasiyaya götürəcək variantları gündəmə gətirmək üçün əllərindən gələn hər şeyi edirlər. Və əsas məqsəd PKK-nı hərbi yolla demontaj təhlükəsindən xilas etməkdir.
Maraqlıdır ki, PKK-nı hərbi demontajdan xilas etməyə çalışanlar bu terror təşkilatının qurucusu və İmralıda ömürlük həbs cəzası çəkməkdə olan Abdullah Öcalandan istifadə edirlər. Belə ki, Abdullah Öcalanın PKK-ya tərksilah olmaq və özünü buraxmaq barədə çağırışı artıq ictimailəşdirilib. Böyük ehtimalla PKK-nın Türkiyədəki siyasi qanadı bu çağırış üzərindən rəsmi Ankara ilə "bazarlıq" şansı qazana biləcəyinə ümid bəsləyir. Və onilliklər boyu Türkiyəyə qarşı terrorçuluq fəaliyyəti ilə çoxsaylı cinayətlər törətmiş şəxslərə güzəştlərin olunmasına cəhd göstərilir.
PKK-PYD-YPG həmin çağırışa "siyasi fəaliyyət" hüququ verilərsə, tərksilaha hazır olduğunu bəyan etməklə, reaksiya göstərib. Elə bu da əsas məqsədin məhz hərbi demontaj təhlükəsindən xilas şansı qazanmaq olduğunu təsdiqləyir. Çünki Abdullah Öcalanın hazırda PKK üzərində liderlik təsirinin formal xarakter daşıdığı qətiyyən şübhə doğurmur. ABŞ-ın himayəsindən məhrum olub, sahibsiz qaldıqlarını anlayan PKK terror təşkilatı indi "siyasi fəaliyyət çətiri" altına sığınmağa can atır. Və rəsmi Ankaranın reaksiyası isə terrorçulara - onilliklər boyu mülki şəxslərə qarşı çoxsaylı dəhşətli cinayətlər törətmiş cinayətkarlara belə imkan tanınmayacağını göstərir.
Türkiyə hakimiyyəti birmənalı şəkildə bəyan edib ki, PKK terrorçuları ilə heç bir danışıqlar aparılmayacaq. Terrorçular ya tərksilah və təslim olacaqlar, ya da hərbi demontaj yolu ilə məhv ediləcəklər. Üstəlik, hazırda rəsmi Ankara PKK-nı tamamilə və birdəfəlik məhv etmək üçün tarixi şans qazanıb. Ona görə də, terrorçu cinayətkarlara "siyasi fəaliyyət çətiri" altına sığınmaq imkanı verilməyəcəyi qətiyyən şübhə doğurmur. Və bu, o deməkdir ki, Türkiyə ötən əsrin 70-ci illərindən üzü bəri xarici düşmənlərinin yaradıb, dəstəklədiyi PKK problemini təməldən həll etməyə indi çox yaxındır.