Dünya » Səhifə 4 » ANS KANAL

Türkiyə PKK-nın "qələm"ini qırır: Terrorçulara "siyasi çətir" açılmayacaq, hərbi yolla demontaj qaçılmazdır

Ərdoğan hakimiyyəti PKK terrorçuları ilə danışıqlar aparmaq niyyətində deyil, cinayətkarlar ya tərksilah və təslim olacaqlar, ya da hərbi demontaj yolu ilə məhv ediləcəklər... Türkiyə ötən əsrin 70-ci illərindən üzübəri xarici düşmənlərinin yaradıb, dəstəklədiyi PKK problemini təməldən və birdəfəlik həll etməyə indi çox yaxındır...

 "Yeni Müsavat" xəbər verir ki, Türkiyə mövcud problemlərinin əhəmiyyətli bir hissəsini artıq real nəticələr ilə həll etməyə başlayıb. Hazırda rəsmi Ankara onilliklər boyu səbrlə gözlədiyi və yaranmasına cəhd göstərdiyi geopolitik situasiyaya nail olmaq üzrədir. Xüsusilə də, Suriya böhranının nizamlanma prosesində olması Türkiyənin maraqlarına tamamilə cavab verir. Hər halda, Əsəd rejiminin devrilməsindən sonra Yaxın Şərqdə Türkiyənin siyasi mövqeyinin hegemon geopolitik iradəyə çevrilməkdə olduğu müşahidə edilir. Və bu, rəsmi Ankaraya öz vazkeçilməz hədəfləri ilə bağlı daha qətiyyətli addımlar atmaq imkanları açır.

Onu da qeyd etmək lazımdır ki, qlobal məkanda yaranmış situasiya da böyük ölçüdə Türkiyənin strateji maraqlarını dəstəkləyir. Belə ki, Ağ Ev Bayden adminstrasiyası dönəmində Suriyanın böyük bir hissəsi ələ keçirmiş PKK-PYD-YPG terror təşkilatını ABŞ-ın bölgədə əsas tərəfdaşları sırasına daxil etmişdi. ABŞ Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən bu terror təşkilatını həm maliyyələşdirirdi, həm də terrorçulara silah-sursat göndərib, hərbi təlimlər keçirdi. Nəticədə bu məsələ ucbatından NATO üzrə müttəfiqlər olan Türkiyə və ABŞ arasında kəskin ziddiyyətlər yaşanırdı.

ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişi ilə situasiya böyük sürətlə dəyişməyə başlayıb. Birincisi, Tramp adminstrasiyası heç bir perspektivi olmayan terror təşkilatlarına, o cümlədən də, PKK-ya daha boşuna külli miqdarda maliyyə xərcləmək istəmir. Eyni zamanda, Ağ Evə yeni dönəmdə Türkiyə kimi önəmli qlobal siyasi iradə mərkəzi ilə ziddiyyətlər qətiyyən sərfəli deyil.

Xüsusilə də, Ukrayna savaşının dayandırılması ilə daha böyük qlobal strateji hədəflərin önünü açmağa can atan ABŞ üçün indi PKK kimi problemlər ən yaxşı halda, geopolitik yük xarakteri daşıyır. Tramp adminstrasiyası isə bu lazımsız yükü ABŞ-ın çiynindən atmaq barədə düşünür. Və bu baxımdan, Ağ Evin yeni Suriya siyasəti indi PKK terror təşkilatının gələcək taleyini böyük təhlükə altında buraxmağa başlayıb.

Məsələ ondadır ki, prezident Donald Tramp ABŞ hərbi bazalarını Suriyadan çıxartmaq niyyətini artıq bəyan edib. Onun fikrincə, PKK-nın mövcudluğunu qoruya bilməsi üçün ABŞ öz hərbi kontingentini Suriyada əbədi saxlamağa borclu deyil. Pentaqon isə Ağ Ev sahibi Donald Trampın bu direktivlərinə uyğun olaraq, ABŞ hərbi bazalarının Suriyadan çıxarılması üçün xüsusi planın hazırlanmasına başlayıb. Və bəzi məlumatlara görə, yaxın altı ay ərzində ABŞ hərbi bazaları Suriyadan tamamilə çıxarılmış olacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ PKK-nı sahibsiz buraxmaq niyyətindədir. Ağ Evin dəstəyi olmadan isə bu terror təşkilatının öz mövcudluğunu qoruya biləcəyi qətiyyən inandırıcı görünmür. Üstəlik, Suriya hazırda məhz Türkiyənin nəzarət bölgəsinə çevrilməkdədir. Rəsmi Ankara yaranmış şansdan istifadə edərək, PKK-nı birdəfəlik sıradan çıxaracağı qətiyyən şübhə doğurmur. Və Suriyanın müvəqqəti keçid hökumətinin də ölkənin parçalanmayacağını, unitar ərazi bütövlüyünü qoruyacağıını birmənalı bəyan etməsi də məhz Türkiyənin PKK ilə mübarizədə ön plana çıxartdığı strateji hədəflərə uyğundur.

Təbii ki, belə situasiyada PKK-nın hərbi yolla demontaj edilməsi qaçılmazdır. Artıq bu təhlükənin ciddiliyini PKK-nın rəhbərliyində olanlar da anlamağa başlayıblar. Ona görə də, mövcud situasiyadan çıxış yollarının axtarılmasına start verilib. PKK-nın Türkiyədə siyasi fəaliyyətlə məşğul olan qanadı bu terror təşkilatının üzvlərini reabilitasiyaya götürəcək variantları gündəmə gətirmək üçün əllərindən gələn hər şeyi edirlər. Və əsas məqsəd PKK-nı hərbi yolla demontaj təhlükəsindən xilas etməkdir.

Maraqlıdır ki, PKK-nı hərbi demontajdan xilas etməyə çalışanlar bu terror təşkilatının qurucusu və İmralıda ömürlük həbs cəzası çəkməkdə olan Abdullah Öcalandan istifadə edirlər. Belə ki, Abdullah Öcalanın PKK-ya tərksilah olmaq və özünü buraxmaq barədə çağırışı artıq ictimailəşdirilib. Böyük ehtimalla PKK-nın Türkiyədəki siyasi qanadı bu çağırış üzərindən rəsmi Ankara ilə "bazarlıq" şansı qazana biləcəyinə ümid bəsləyir. Və onilliklər boyu Türkiyəyə qarşı terrorçuluq fəaliyyəti ilə çoxsaylı cinayətlər törətmiş şəxslərə güzəştlərin olunmasına cəhd göstərilir.

PKK-PYD-YPG həmin çağırışa "siyasi fəaliyyət" hüququ verilərsə, tərksilaha hazır olduğunu bəyan etməklə, reaksiya göstərib. Elə bu da əsas məqsədin məhz hərbi demontaj təhlükəsindən xilas şansı qazanmaq olduğunu təsdiqləyir. Çünki Abdullah Öcalanın hazırda PKK üzərində liderlik təsirinin formal xarakter daşıdığı qətiyyən şübhə doğurmur. ABŞ-ın himayəsindən məhrum olub, sahibsiz qaldıqlarını anlayan PKK terror təşkilatı indi "siyasi fəaliyyət çətiri" altına sığınmağa can atır. Və rəsmi Ankaranın reaksiyası isə terrorçulara - onilliklər boyu mülki şəxslərə qarşı çoxsaylı dəhşətli cinayətlər törətmiş cinayətkarlara belə imkan tanınmayacağını göstərir.

Türkiyə hakimiyyəti birmənalı şəkildə bəyan edib ki, PKK terrorçuları ilə heç bir danışıqlar aparılmayacaq. Terrorçular ya tərksilah və təslim olacaqlar, ya da hərbi demontaj yolu ilə məhv ediləcəklər. Üstəlik, hazırda rəsmi Ankara PKK-nı tamamilə və birdəfəlik məhv etmək üçün tarixi şans qazanıb. Ona görə də, terrorçu cinayətkarlara "siyasi fəaliyyət çətiri" altına sığınmaq imkanı verilməyəcəyi qətiyyən şübhə doğurmur. Və bu, o deməkdir ki, Türkiyə ötən əsrin 70-ci illərindən üzü bəri xarici düşmənlərinin yaradıb, dəstəklədiyi PKK problemini təməldən həll etməyə indi çox yaxındır.

  • Дата: 1-03-2025, 09:00
  • Автор: anskanal
Полная статья »

"Bitcoin" və altkoinlərdə ucuzlaşma davam edir – QİYMƏTLƏR

Bu gün, 28 fevral 2025-ci il tarixi, Bakı vaxtı ilə saat 09:00 üçün əsas kriptovalyutaların qiymətləri və son dəyişikliklərini təqdim edirik.

Valyuta.az bildirir ki, "Bitcoin" (BTC) – Hazırda 80,524.0 USD səviyyəsində ticarət olunur, bu da əvvəlki bağlanış qiyməti ilə müqayisədə 4,560.0 USD (5.36%) azalma deməkdir. Gün ərzində ən yüksək qiymət 86,971.0 USD, ən aşağı isə 79,553.0 USD olub.

"Ethereum" (ETH) – Hazırda 2,140.9 USD səviyyəsindədir, əvvəlki bağlanış qiyməti ilə müqayisədə 171.55 USD (7.42%) azalma göstərir. Gün ərzində ən yüksək qiymət 2,380.48 USD, ən aşağı isə 2,108.87 USD olub.

 XRP – Hazırda 2.04 USD səviyyəsində ticarət olunur, bu da əvvəlki bağlanış qiyməti ilə müqayisədə 0.15 USD (6.85%) azalma deməkdir. Gün ərzində ən yüksək qiymət 2.26 USD, ən aşağı isə 2.0 USD olub.

 "Solana" (SOL) – Hazırda 128.54 USD səviyyəsindədir, əvvəlki bağlanış qiyməti ilə müqayisədə 8.40 USD (6.13%) azalma göstərir. Gün ərzində ən yüksək qiymət 142.26 USD, ən aşağı isə 126.4 USD olub.

 "Dogecoin" (DOGE) – Hazırda 0.18966 USD səviyyəsində ticarət olunur, bu da əvvəlki bağlanış qiyməti ilə müqayisədə 0.01552 USD (7.57%) azalma deməkdir. Gün ərzində ən yüksək qiymət 0.211433 USD, ən aşağı isə 0.186048 USD olub.

  • Дата: 28-02-2025, 15:30
  • Автор: anskanal
Полная статья »

Meksika və ABŞ razılığa gəldi

ABŞ və Meksika birgə mütəşəkkil cinayətkarlıqla mübarizəni gücləndirmək, narkotik ticarətinə və qanunsuz silah dövriyyəsinə qarşı mübarizə aparmaq barədə razılığa gəliblər. 

Bu barədə Meksika Xarici İşlər Nazirliyinin Vaşinqtonda keçirilən danışıqların yekunlarına dair yaydığı bəyanatda deyilir.

“[Tərəflər] hər iki ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni gücləndirməyə yönəlmiş bir sıra əlaqələndirilmiş tədbirlər barədə razılığa gəliblər. Bunun əsas məqsədi hər iki ölkədə fentanil istehlakı və qanunsuz daşınan odlu silahların istifadəsi səbəbindən ölüm hallarının azalmasıdır”, – deyə bəyanatda qeyd olunur.

Bundan əlavə Meksikanın Xarici İşlər Nazirliyi amerikalı həmkarları ilə aparılan danışıqları səmimi və məhsuldar dialoq adlandırıb. Qurum əlavə edib ki, ölkələr arasında təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq Meksika prezidenti Klaudiya Şeynbaumun daha əvvəl bəhs etdiyi dörd prinsip əsasında qurulacaq: ümumi məsuliyyət, qarşılıqlı etimad, tabelik olmadan əməkdaşlıq və suverenliyə hörmət.

  • Дата: 28-02-2025, 14:46
  • Автор: anskanal
Полная статья »

Saziş Kiyevin, yoxsa Moskvanın çöküş planıdır? - TƏHLİL

Son günlərdə Ukrayna ilə ABŞ arasında imzalanması nəzərdə tutulan Ukraynanın mineral ehtiyatlarından istifadəyə dair saziş, xüsusən də sənəddə Ukraynanın gələcək təhlükəsizliyinə ciddi zəmanətlərin verilməməsi müzakirə predmetinə çevrilib. Lakin saziş ətrafında yaranmış situasiyanı diqqətlə izlədikdə bu prosesdən müxtəlif maraqlı tərəflərin öz məqsədləri üçün manipulyasiyası açıq-aydın görünür. 

Rəsmi Kiyev və Avropa İttifaqı Ağ Evin yeni administrasiyasını öz maraqları naminə Ukraynanı Rusiyaya qurban verməkdə ititham edirlər. Qeyd olunur ki, Ağ Ev Ukraynanın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri addımları təmin etmir və bu imzalanması gözlənilən sənəddə əskini tapmır. 

O zaman məsələyə başqa bir baxış bucağından baxaraq prosesləri dəyərləndirməyə çalışaq.

Doğrudanmı Ağ Ev Ukraynanı Rusiyaya qurban vermək istəyir?

Əvvəlki sənəd unudulub

Birincisi, bunun üçün heç də uzaq olmayan tarixə ekuskurs etmək yetər. 13 iyun 2024-cü ildə Ukrayna ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri barədə saziş imzalanıb. Həmin sənəddə Ukraynanın təhlükəsizlik təminatları təkcə müharibə zamanı deyil, həm də ondan sonra da sabit təhlükəsizlik və müdafiə dəstəyinə əsaslanır. 

Sənəddə eyni zamanda ABŞ-nin Ukraynanın qalib gəlmək cəhdlərini dəstəklədiyi açıq şəkildə ifadə edilməklə yanaşı, "Patriot" hava hücumundan müdafiə sistemləri və qırıcı eskadrilyaların, o cümlədən F-16-ların çatdırılması da əksini tapıb.

Moskva da güzəştə getməlidir

İkincisi, Trampın fevralın 26-da kabinetin ilk iclasında Ukrayna ilə bağlı açıqlamlarında ilkin əsas hədəfi itkilərin qarşısını almaq məqsədi ilə atəşkəsin əldə edilməsidir. Münaqişənin həllində təkcə Kiyevin birtərəfli qaydada Moskvaya güzəştə getməsini deyil, eyni zamanda Moskvanın da güzəştə getməsini dilə gətirib.

İşlər Avropanın üstünə atılır

Üçüncüsü, Trampın sözlərinə görə, Ukraynanın təhlükəsizliyinin təmin olunmasında əsas rolu ABŞ deyil, Avropa oynayacaq. Atəşkəsdən sonra Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsi prosesini dəstəkləyəcək. Bu isə o anlama gəlir ki, Ağ Ev Ukraynanın təhlükəsizliyini Avropanın üzərinə qoysa da, məsələni diqqətdə saxlayacaq. Sadəcə Tramp administrasiyası birinci prezidentlik dövründə olduğu  kimi, yenə də Avropanın hərbi xərclərinin artırılmasında və Qərbin təhlükəsizlik arxitekturasında daha ciddi rol oynamasını istəyir. 

Sanksiyanın ləğvi oyunu

Dördüncüsü, Tramp Rusiyaya qarşı sanksiyaların aradan qaldıracağı, danışıqlar prosesinin bərpa edilməsi, diplomatik əlaqələrin yaradılması barədə şirnikləndirici çıxış etsə də, deyib ki, bu sanksiyalar ancaq sülh müqaviləsi imzalandıqdan sonra ola bilər. Bu isə o deməkdir ki, Rusiya hələ uzun müddət sanksiyalar altında qalacaq. Rusiyanın sanksiyalar altında qalması isə Moskvanın zəifləməsi deməkdir. 

Rəqib Rusiya deyil...

Beşincisi, Tramp etiraf edib ki, ABŞ-nin əsas rəqibi Rusiya yox, Çindir. Tramp bu mesaj ilə demək istəyir ki, Rusiya-Ukrayna müharibəsində Moskva qeyri-formal olsa da, Çin, İran və Şimali Koreya ilə Ukrayna cəbhəsində koalisiya yaradaraq kollektiv Qərbin müqavimətini qırmaq istəyir. Adı çəkilən koalisiya tam olmasa da, müəyyən mənada istəyinə nail olub və 3 ildir ki, Ukrayna müharibəsi davam edir. Çünki Çin və İran yaxşı anlayır ki, kollektiv Qərb Ukrayna cəbhəsində istəyinə nail olarsa, o zaman növbə ilə onları da sıradan çıxaracaq. Ona görə də həmin ölkələr Ukrayna cəbhəsində Rusiyaya dəstək verməklə, əslində, özlərinə qarşı təhdidləri bacardıqca uzaq sərhəddə saxlamaq istəyirlər.

Ağ Ev hesab edir ki, bu koalisiyanı parçalamadan Ukryana cəbhəsində uğur əldə etmək elə də asan olmayacaq və bu sonsuzluğadək davam edə bilər. Ona görə də Vaşinqton ilk mərhələdə uğurlu görünməyən Moskva-Pekin-Tehran-Pxenyan koalisiyasını parçalamaq taktikasını seçib. Ağ Ev bu yolla həm perspektivdə Ukrayna cəbhəsində uğur əldə etməyi, həm də Çin, İran cəbhəsində planlarını reallaşdırmaq istəyir. Çünki bu ölkələrin təklikdə ABŞ-yə qarşı müqaviməti çətin olacaq.

Ukraynanın sərvəti hədəfdir

Altıncısı, deyilənlərin əksinə olaraq Ağ Ev tələsik Ukraynanın mineral ehtiyatlarından istifadəyə dair sazişi imzalamaqla birbaşa olmasa da, dolayı yolla bu ölkənin təhlükəsizliyinə zəmanəti öz üzərinə götürür. Bu sazişin iqtisadi tərəfinin Ukraynaya faydaları başqa bir mövzudur. 
26 trilyon dollardan çox təbii ehtiyatlara malik olan Ukrayna hər zaman birbaşa və ya dolayı olaraq qlobal aktorların diqqətindədir. Bu gün Ukraynanın 116 növ faydalı ehtiyatları əhatə edən təxminən 20 min faydalı qazıntı yatağına malikdir. Ukrayna titan, litium, berilyum, manqan, qallium, uran, qrafit, apatit, flüorit və nikel ilə zəngin ölkədir. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, Ukrayna Avropada ən böyük titan ehtiyatlarına, eləcə də litiumuna malik olmaqla dünya rezervlərinin 7 faizini formalaşdırır.

Bu gün Ukraynanın malik olduğu resurslar müdafiə, yüksək texnologiya, aerokosmik və yaşıl enerji kimi sənayelər üçün vacib hesab olunur. Perspektivdə isə yaşıl iqtisadiyyata keçiddə elektrikli nəqliyyat vasitələrinə və bərpa olunan enerji texnologiyalarına keçid nəticəsində bu resurslara qlobal tələbatın kəskin artacağını nəzərə alsaq, o zaman mənzərə tam aydın olar.
Digər məqam isə ondan ibarətdir ki, Tramp bu günlərdə imzalanacaq sazişin dəyəri 1 trilyon dollaradək qalxa biləcəyini də istisna etməyib. Belə bir həcmdə, hətta 500 milyard həcmində olsa belə, saziş öz-özlüyündə Ukraynanın iqtisadi maraqları adı altında təhlükəsizliyinin təminatı deməkdir. Çünki heç bir investor və ya dövlət böyük həcmdə sərmayəsinin təhlükəsizliyini təmin etmədən hər hansı bir ölkəyə investisiya yatırmaz.   

Rusiyanın çöküş planı

Yeddincisi, Tramp Arktika uğrunda savaşa başlamaqla Rusiyanın Qərbə çıxışı olan Şimal Dəniz Yolunu da nəzarətə götürmək istəyir. Necə deyərlər, Tramp daha geniş çaplı oynamaqla Rusiyanı çöküş planını hazırlayır. 

Nəticə: Kiyevlə Vaşinqton arasında 2024-cü ildə Ukraynanın təhlükəsizliyinə zəmanət barədə saziş imzalanıb, amma bu gün kimsə onu gündəmə gətirmir. İşləmədiyindən arxiv sənədindən başqa əhəmiyyət kəsb etmir. Necə deyərlərə, bəzən imzalanan müqavilənin dəyəri onun imzalandığı kağızın qiymətindən aşağı olur. Ukraynanın ən etibarlı təhlükəsizlik zəmanəti Silahlı Qüvvələridir. Bunun üçün Ukrayna Silahlı Qüvvələrinin gücləndirməyi və yeni savaşa hazırlaşmalıdır. Elə imzalanacaq saziş də növbəti savaşda qələbə üçün yaxşı hazırlıq mərhələsi ola bilər.  

  • Дата: 28-02-2025, 09:38
  • Автор: anskanal
Полная статья »

Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT

ABŞ prezidenti Donald Trampın xarici siyasətinin prioritetləri, xüsusən də Rusiya ilə bağlı siyasətinin əsas mahiyyəti və alt qatdakı məsələlər getdikcə daha aydın şəkildə özünü büruzə verir. Trampın kabinetin ilk iclasında verdiyi mesajlardan da aydın olur ki, Ağ Evin növbəti mərhələdə qarşısında duran əsas strateji hədəf Arktikadır.

Arktika uğrunda mübarizə XX əsrin əvvələrində başlasa da, qlobal iqlim dəyişikliyinin Arktika sularında gəmiçilik, zəngin təbii ehtiyatların istismarı üçün daha əlverişli şərait yaratması, Arktikaya marağı son illərdə kəskin şəkildə artırıb. 

Trampın istər Kanada, istər Qrelandiya adasına sahiblənmək, istərsə də Ukrayna müharibəsinin qısa zamanda bitirməsinin alt qatında Arktikaya sahiblənmək kimi ciddi məsələ dayanır.  

Ağ Ev vaxt itirmədən Arktika uğrunda savaşda üstünlüyü əldə etmək istəyir. Çünki Arktika uğrunda savaşda əsas ənənəvi oyunçular olan ABŞ, Kanada, Danimarka, Norveçlə yanaşı, Çin yeni oyunçu kimi bölgəyə çox böyük maraq göstərir. Hətta Çin Arktikada əməkdaşlıq etmək və burada paya sahib olmaq üçün naviqasiya sahəsinə ciddi diqqət yetirərək buzqıran gəmilər hazırlayır. 

“Snow Dragon” buzqıran gəmisi Arktika suları vasitəsilə 2012-ci ildə Avropaya üzən ilk Çin gəmisi olub. Son illərdə Çin Arktikada maraqlarını təmin etmək üçün gəmiçiliklə yanaşı, digər sahələrdə, xüsusən də texnoloji sahədə addımlar atmaqdadır. ABŞ isə Çini mövcud qlobal proseslərdə əsas rəqibi kimi gördüyündən yaxşı anlayır ki, Pekin Moskva ilə Arktikada aktiv birgə əməkdaşlığa başlasa, durum heç də onun istədiyi kimi ürəkaçan olmayacaq. 

Tramp kabinetin ilk iclasında açıq şəkildə bəyan etdi ki, ABŞ Rusiya və Çinlə əla münasibətlər qurmağa ümid edir, lakin Çini özünə rəqib sayır. Tramp bu etirafı ilə mesaj verdi ki, Ağ Ev üçün əsas rəqib Rusiya deyil, Çindir. Ona görə də əsas diqqətini Arktikaya yönəltməyə qərar verib.

Arktikada əsas pay sahibi olan Rusiya ABŞ-nin bu planını yaxşı bildiyindən Çinlə birgə əməkdaşlıq etməklə ABŞ-nin dominantlığının qarşısını almağa çalışır. Moskva Pekinlə birgə əməkdaşlıq etməklə ABŞ-ni Arktikadan sıxışdırmağı planlaşdırır. 


Onu da qeyd edək ki, Rusiyanın ÜDM-nin 30 faizi Aktikada hasil olunan enerji ehtiyatlarından, həm də digər məhsullardan formalaşır. 

Arktikada savaş təkcə zəngin enerji və nadir qiymətli yeraltı sərvətlər uğrunda getmir, eyni zamanda Şimal qütbündəki nəqliyyat dəhlizi uğrundadır. 

Bu gün Qərb Rusiyanın Avropa istiqamətində gedən quru yollarını bağlasa da, Şimal Dəniz Marşrutu fəaliyyətdədir və bu yol daha qısa və sərfəlidir. Şimal Dəniz Marşrutu Asiyadan Avropaya ən qısa yol olmaqla yanaşı, həm də yeni İpək Yolu hesab edilir.  

Qlobal istiləşmə nəticəsində yaxın 30-40 ildə Şimal Qütbdən daha rahat hərəkət etmək mümkün olacaq. Aktikada iqlim dəyişikliyi nəticəsində buzlaqların əriməsi həm yeraltı sərvətlərin istismarını ucuzlaşdıracaq, həm də dəniz nəqliyyatının hərəkətini asanlaşdıracaq. Bu da o deməkdir ki, yaxın gələcəkdə Şimal Dəniz Yolu Cənubdan keçən Süveyş kanalını əvəz edəcəyindən geosiyasi və geoiqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edəcək. Arktika savaşının tərkib hissələrindən biri də Şimal Dəniz Yoluna nəzarət uğrunda olacaq.

Qərb Rusiyanın Avropaya gedən qısa quru yollarını, o cümlədən Qara dəniz və Baltik dənizi vasitəsilə hərəkətini məhdudlaşdırıb. Yeganə maneəsiz hərəkət Şimal Dəniz Yoludur ki, ABŞ bu yolda da nəzarəti ələ keçirmək istəyir.

Bu baxımdan Trampın Putini Ukraynada şirnikləndirici oyuna cəlb etməsinin arxasında Rusiyanı tələyə salacaq daha ciddi proseslərin olduğunu görmüş olarıq.

Trampın birinci prezidentliyi dövründə Qrenlandiyanı almaq təklifinin arxasında bu məqsəd dayanırdı. İndi isə bu məsələ daha da aktuallaşıb. 

Ona görə də yaxın gələcəkdə Arktika uğrunda savaş getdikcə daha ciddi xarakter alacaq. Arktika uğrunda savaşın başlanacağını bir müddət əvvəl Rusiyanın Kurçatov İnstitutu Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçukda dilə gətirərək deyib ki, Arktika gələcəyin sınaq poliqonudur: “Bu gün bizim diqqətimizi Ukrayna və ya Ermənistana cəlb edib məsələni əsl mahiyyətindən ayırırlar. Əslində, əsas sınaq meydançası Arktikadır”. 

Kovalçuk bildirib ki, hazırda Arktika üçün böyük mübarizə gedir: "Bunu Qrenlandiyada baş verənlər aydın şəkildə nümayiş etdirir. Əgər ABŞ bu adanı Kanada ilə birlikdə götürsə, o zaman onlar güc baxımından bizimlə bərabər olacaqlar. Biz çox güclü olmalıyıq və bu gün Arktikada bizi tutmağın çox çətin olacağı mövqelər tuta bilərik".

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov da fevralın 26-da müsahibəsində Arktika uğrunda savaşın getdikcə qızışdığını dilə gətirərək, Arktikanı münaqişələrdən azad bölgə olmağa çağırıb.


Rusiyalı diplomat deyib ki, Arktika münaqişə potensialından uzaq olmalıdır və regionun birgə inkişafı, kəşfiyyatı üçün bütün dövlətlərə bərabər imkanlar verilməlidir.

Stepanov onu da bildib ki, Rusiya üçün əsas problem Kanada, ABŞ və Avropa tərəfindən Arktikanın hərbiləşdirilməsidir: "Biz bu ərazilərdə Rusiyanın maraqlarını və suverenliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürük".

Təbii ki, Moskva əlverişli şərtlər daxilində, xüsusən də Qərbin Rusiyaya qarşı sanksiyalarının aradan qaldırılması, Ukraynada güzəştə gedəcəyi təqdirdə Vaşinqtonla Arktikada birgə işləməkdə maraqlıdır.  

Bunu fevralın ortalarında Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev də dilə gətirib. O, Rusiyanın ABŞ ilə Arktikada birgə layihələrin hazırlanmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin söyləyib ki, məsələ ilə bağlı irəliləyiş yaxın iki-üç ay ərzində əldə edilə bilər. 


“Bloomberg”in ötən günlərdə yazdığına görə, Moskva və Vaşinqtonun müzakirə etdiyi məsələlər arasında Arktikada təbii ehtiyatların birgə çıxarılması və ticarət yollarının inkişafı da var.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da jurnalistlərə açıqlamasında bu məsələyə aydınlıq gətirərək deyib ki, Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında potensial əməkdaşlıq üçün geniş sahə müzakirə edilib. Peskov birbaşa olmasa da, dolayı yolla bunu etiraf etmiş olub. 

Hazırkı mərhələ Arktika uğrunda savaşın ilkin mərhələsi hesab edilsə də, yaxın perspektivdə bu daha da aktual xarakter alacaq. Yeni geosiyasi reallıqlar Arktika uğrunda mübarizənin güclənməsini diktə edir. Artikada marağı olan bu ərazidə öz iqtisadi, hərbi və siyasi maraqlarını təmin etmək üçün mövqelərini açıq şəkildə bəyan edirlər.

  • Дата: 28-02-2025, 09:00
  • Автор: anskanal
Полная статья »