
Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri və Bişkekdə keçirilən “ŞƏT plyus” formatlı görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət gündəliyində mühüm yer tutan məsələləri bir daha ön plana çıxardı. Dövlət başçısının çıxışında Mərkəzi Asiya ilə münasibətlərin dərinləşdirilməsindən Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə, beynəlxalq hüququn işlək mexanizmlərlə təmin olunmasından çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə qədər bir sıra strateji istiqamətlər əhatə olundu.
Azərbaycanın Qırğızıstanla əlaqələri artıq ənənəvi dostluq münasibətlərinin hüdudlarını aşaraq daha yüksək siyasi məzmun qazanıb. Ölkələr arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqavilə də Bakı ilə Bişkek arasındakı qarşılıqlı etimadın və siyasi yaxınlığın konkret göstəricisidir. Tarixi və mədəni bağlarla möhkəmlənən münasibətlər hazırda iqtisadiyyat, investisiya, nəqliyyat, enerji və digər sahələr üzrə geniş əməkdaşlıq imkanları ilə tamamlanır.
Bu proses eyni zamanda Azərbaycanın bütövlükdə Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi siyasətin miqyasının genişləndiyini göstərir. Azərbaycan region dövlətləri ilə münasibətlərini yalnız ortaq tarixi və mənəvi dəyərlər üzərində deyil, qarşılıqlı iqtisadi maraqlar və uzunmüddətli strateji layihələr əsasında inkişaf etdirir. Xəzər dənizi isə bu baxımdan ayıran deyil, Mərkəzi Asiya ilə Azərbaycanı və daha geniş mənada Avropanı birləşdirən mühüm coğrafi körpüyə çevrilir.
Bişkekdə səslənən mühüm siyasi mesajlardan biri də Cənubi Qafqazın gələcəyi ilə bağlı oldu. Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması uzun illər davam etmiş qarşıdurmadan sonrakı mərhələnin mühüm siyasi nəticələrindən biri kimi təqdim edildi. Prezident İlham Əliyevin Cənubi Qafqazın sülh zonasına çevrilməkdə olduğunu bildirməsi region üçün formalaşan yeni reallığın mahiyyətini ifadə edir.
Artıq gündəlikdə münaqişə deyil, sülhün real iqtisadi və kommunikasiya imkanlarına çevrilməsi dayanır. Ermənistanla neft məhsullarının tədarükü, üçüncü ölkələrə məxsus yüklərin tranziti, qarşılıqlı ticarətin genişləndirilməsi və yeni yerüstü nəqliyyat bağlantılarının yaradılması istiqamətində görülən işlər göstərir ki, normallaşma prosesi tədricən praktiki əməkdaşlıq müstəvisinə keçir. Belə layihələrin reallaşması təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə regionun iqtisadi gələcəyi üçün yeni imkanlar yarada bilər.
Azərbaycanın yanaşması ondan ibarətdir ki, uzunmüddətli sülh yalnız siyasi sənədlərlə məhdudlaşmamalı, xalqlar və dövlətlər arasında iqtisadi maraqların uzlaşdırılması ilə möhkəmləndirilməlidir. Ticarət, tranzit və kommunikasiya əlaqələrinin genişlənməsi qarşılıqlı asılılığı artırmaqla yanaşı, sabitliyin qorunmasını bütün tərəflər üçün daha böyük zərurətə çevirir. Bu mənada Cənubi Qafqazda yaranan yeni şərait regionun gələcək inkişaf modelini də dəyişə bilər.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn işləkliyi məsələsinə toxunması da xüsusi diqqət çəkdi. Dövlət başçısı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin uzun illər icrasız qalmasını xatırladaraq Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü öz gücü ilə bərpa etdiyini vurğuladı. Azərbaycanın yaşadığı təcrübə beynəlxalq qərarların qəbul edilməsinin özlüyündə kifayət etmədiyini, onların icrasını təmin edəcək təsirli mexanizmlərin də vacibliyini göstərir.
Məhz buna görə Bakı beynəlxalq hüququn yalnız bəyanatlar və sənədlər səviyyəsində qalmamasını, qəbul edilən qərarların həyata keçirilməsinə təminat verən mexanizmlərin formalaşdırılmasını vacib hesab edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrasına imkan verəcək mexanizmlərin yaradılması ilə bağlı mövqe də Azərbaycanın öz tarixi təcrübəsindən çıxardığı nəticənin beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.
Beynəlxalq təşkilatların nüfuzu qəbul etdikləri sənədlərin çoxluğu ilə deyil, həmin qərarların real nəticə yaratması ilə ölçülür. Qərarların onilliklər boyu icrasız qalması beynəlxalq hüquqa olan etimadı zəiflədə bilər. Buna görə Azərbaycanın irəli sürdüyü yanaşma yalnız ölkəmizin keçmiş münaqişə təcrübəsi ilə məhdudlaşmır, daha geniş qlobal təhlükəsizlik arxitekturasının effektivliyi məsələsini gündəmə gətirir.
Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə əldə etdiyi təcrübə də bu siyasətin mühüm dayaqlarındandır. Həmin müddətdə Bakı çoxtərəfliliyin, dövlətlərin suverenliyinin, beynəlxalq hüququn və bərabərhüquqlu əməkdaşlığın müdafiəsini əsas prinsiplər sırasında saxladı. Prezident İlham Əliyevin “ŞƏT plyus” platformasında çoxtərəfliliyin möhkəmləndirilməsinə Azərbaycanın bundan sonra da töhfə verməyə hazır olduğunu bildirməsi həmin siyasətin davamlı xarakter daşıdığını göstərir.
Şanxay Əməkdaşlıq Təşkilatı məkanı Azərbaycanın Avrasiya siyasəti baxımından da əhəmiyyətlidir. Müxtəlif siyasi, iqtisadi və coğrafi imkanlara malik dövlətlərin təmsil olunduğu belə bir platformada Azərbaycanın fəal iştirakı ölkənin mövqeyinin daha geniş beynəlxalq auditoriyaya çatdırılmasına şərait yaradır. Eyni zamanda bu format Mərkəzi Asiya, Cənubi Qafqaz və digər Avrasiya regionları arasında yeni əməkdaşlıq modellərinin müzakirəsi üçün əlavə imkanlar açır.
Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi Azərbaycanın tranzit və logistika imkanlarını da yeni mərhələyə çıxara bilər. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişməsində yerləşən Azərbaycan artıq mühüm regional bağlantı mərkəzi rolunu oynayır. Yeni kommunikasiyaların açılması isə Mərkəzi Asiyadan Azərbaycan və Türkiyə üzərindən daha geniş bazarlara çıxış imkanlarını artırmaqla regionun iqtisadi xəritəsində mühüm dəyişikliklər yarada bilər.
Bişkek səfəri çərçivəsində keçirilən yüksək səviyyəli təmaslar da Azərbaycanın diplomatik fəallığının geniş coğrafiyasını nümayiş etdirdi. Ermənistan, Qazaxıstan, İran və Türkiyə liderləri ilə aparılan müzakirələr ayrı-ayrı mövzuları əhatə etsə də, ümumi mənzərədə regional sabitlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya bağlantıları və siyasi dialoqun genişləndirilməsi ön plana çıxdı.
Beləliklə, Prezident İlham Əliyevin Bişkekdəki çıxışı Azərbaycanın gələcəyə hesablanmış regional baxışını aydın şəkildə ifadə etdi: qarşıdurma əvəzinə əməkdaşlıq, qapalı sərhədlər əvəzinə yeni bağlantılar, formal beynəlxalq qərarlar əvəzinə işlək hüquqi mexanizmlər və parçalanma əvəzinə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq. Azərbaycan Cənubi Qafqazda yaranmış yeni reallığı yalnız öz milli maraqları baxımından deyil, Mərkəzi Asiyadan Türkiyəyə və daha geniş Avrasiya məkanına uzanan əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından da dəyərləndirir.