Əhliman müəllim: Bişkekdən Verilən Strateji Mesajlar: Azərbaycan Sülh, Əməkdaşlıq və Yeni Avrasiya Bağlantıları Gündəliyini Gücləndirir

Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri və Bişkekdə keçirilən “ŞƏT plyus” formatlı toplantıda səsləndirdiyi fikirlər Azərbaycanın müasir xarici siyasət prioritetlərini bir daha diqqət mərkəzinə gətirdi. Dövlət başçısının çıxışında regional sülhün möhkəmləndirilməsi, Mərkəzi Asiya ilə münasibətlərin yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də beynəlxalq hüququn işlək mexanizmlərlə təmin olunması əsas istiqamətlər kimi ön plana çıxdı. Bu yanaşma Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, daha geniş Avrasiya məkanında fəal siyasi və iqtisadi tərəfdaş kimi mövqeyini nümayiş etdirir.
Azərbaycanın Qırğızıstanla münasibətləri artıq ənənəvi dostluq və qarşılıqlı əməkdaşlıq çərçivəsindən daha yüksək mərhələyə keçib. İki xalqı birləşdirən tarixi, mədəni və mənəvi bağlar dövlətlərarası münasibətlər üçün möhkəm zəmin yaradıb. Son dövrdə əldə edilən razılaşmalar və müttəfiqlik münasibətlərini təsbit edən sənədlər isə Bakı ilə Bişkek arasında siyasi dialoqun keyfiyyətcə yeni məzmun qazandığını göstərir. İqtisadiyyat, investisiya, nəqliyyat, enerji və digər sahələrdə genişlənən əməkdaşlıq bu münasibətlərin praktiki nəticələrlə zənginləşdiyini təsdiqləyir.
Bu proses eyni zamanda Azərbaycanın bütövlükdə Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Bakı region dövlətləri ilə münasibətlərə yalnız ikitərəfli əlaqələr prizmasından yanaşmır. Məqsəd Xəzər dənizinin iki sahili arasında siyasi, iqtisadi və logistika bağlantılarını gücləndirmək, Cənubi Qafqazla Mərkəzi Asiyanı bir-birinə daha sıx bağlayan əməkdaşlıq mühiti formalaşdırmaqdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu bu strategiyanın həyata keçirilməsində ölkəmizə mühüm üstünlüklər qazandırır.
Prezident İlham Əliyevin çıxışında Cənubi Qafqazda yaranmış yeni siyasi vəziyyətə xüsusi yer ayrılması da diqqətçəkən məqamlardan oldu. Azərbaycan və Ermənistan arasında sülh gündəliyində əldə edilən irəliləyişlərin vurğulanması göstərir ki, uzun illər münaqişə və qarşıdurma ilə assosiasiya olunan region artıq fərqli inkişaf mərhələsinə daxil olur. Azərbaycanın yanaşması keçmiş qarşıdurmaları davam etdirmək deyil, əldə edilmiş tarixi nəticələr əsasında sabit və uzunmüddətli əməkdaşlıq mühiti yaratmaqdır. Prezidentin Cənubi Qafqazın sülh zonasına çevrilməsi ilə bağlı mesajı məhz bu yeni mərhələnin siyasi mahiyyətini ifadə edir.
Sülh prosesinin əhəmiyyəti yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlərin formalaşdırılması, yükdaşımaların və tranzit imkanlarının genişləndirilməsi, enerji məhsullarının tədarükü, qarşılıqlı ticarətin inkişaf etdirilməsi və yeni nəqliyyat bağlantılarının yaradılması istiqamətində atılan addımlar normallaşmanın real iqtisadi məzmun qazanmasına imkan verir. Beləliklə, sülh region xalqlarının gündəlik həyatına, iqtisadi imkanlarına və gələcək inkişaf perspektivlərinə təsir göstərə biləcək konkret əməkdaşlıq modelinə çevrilir.
Yeni kommunikasiya xətlərinin açılması bütövlükdə Avrasiyanın nəqliyyat xəritəsinə təsir edə biləcək amillərdəndir. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin mühüm qovşaqlarından biri kimi çıxış edir. Cənubi Qafqazda bütün nəqliyyat əlaqələrinin tam fəaliyyət göstərməsi Mərkəzi Asiyadan Azərbaycan və Türkiyə üzərindən Avropaya uzanan marşrutların imkanlarını daha da genişləndirə bilər. Bu baxımdan regional sülh yalnız siyasi sabitlik deyil, eyni zamanda yeni iqtisadi imkanlar, tranzit gəlirləri və daha geniş bazarlara çıxış deməkdir.
Bişkekdə səsləndirilən mühüm mesajlardan biri də beynəlxalq hüququn effektivliyi ilə bağlı idi. Prezident İlham Əliyevin Azərbaycanın keçmiş münaqişə təcrübəsini xatırlatması beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası məsələsini yenidən gündəmə gətirdi. Azərbaycan uzun illər BMT Təhlükəsizlik Şurasının ölkənin ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin həyata keçirilməməsinin nəticələrini görüb. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan son nəticədə öz suverenliyini və ərazi bütövlüyünü öz imkanları hesabına bərpa etdi.
Məhz bu tarixi təcrübə Bakının beynəlxalq təhlükəsizlik sisteminə münasibətində mühüm yer tutur. Qəbul edilən qərarların kağız üzərində qalması beynəlxalq institutlara olan etimadı zəiflədə bilər. Buna görə Azərbaycanın irəli sürdüyü yanaşmanın mahiyyəti beynəlxalq hüququn yalnız norma və prinsiplər toplusu kimi deyil, icrası təmin olunan real mexanizm kimi fəaliyyət göstərməsidir. BMT Təhlükəsizlik Şurasının qərarlarının vaxtında və effektiv həyata keçirilməsini təmin edəcək mexanizmlərin yaradılması ilə bağlı mövqe daha ədalətli və işlək beynəlxalq münasibətlər sisteminin qurulmasına yönəlmiş çağırış kimi qiymətləndirilə bilər.
Azərbaycanın çoxtərəfli diplomatiyada qazandığı təcrübə də bu mövqenin formalaşmasında mühüm rol oynayır. Ölkəmizin dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etməsi müxtəlif siyasi maraqlara malik dövlətlər arasında dialoqun təşviqi baxımından əhəmiyyətli təcrübə yaradıb. Həmin dövrdə beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyi, bərabərhüquqlu əməkdaşlıq və çoxtərəflilik Azərbaycanın irəli sürdüyü əsas prinsiplər sırasında olub. Prezident İlham Əliyevin Bişkekdə bu məsələləri yenidən diqqətə çatdırması Azərbaycanın həmin xətti ardıcıl şəkildə davam etdirdiyini göstərir.
Şanxay Əməkdaşlıq Təşkilatı kimi geniş coğrafiyanı əhatə edən platformalarda Azərbaycanın fəal iştirakı da xüsusi əhəmiyyət daşıyır. Belə formatlar Bakı üçün təkcə siyasi dialoq meydanı deyil, eyni zamanda nəqliyyat, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində yeni tərəfdaşlıq imkanlarının müzakirə edildiyi mühüm platformadır. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, Xəzər üzərindən Mərkəzi Asiyaya çıxışı və Türkiyə vasitəsilə daha geniş bazarlara bağlanması ölkənin strateji əhəmiyyətini daha da artırır.
Bişkek səfəri çərçivəsində müxtəlif dövlətlərin liderləri ilə aparılan təmaslar da Azərbaycanın çoxşaxəli diplomatiyasının göstəricisi kimi dəyərləndirilə bilər. Ermənistan, Qazaxıstan, İran və Türkiyə rəhbərləri ilə görüşlər fərqli məsələləri əhatə etsə də, ümumi istiqamət regional sabitliyin qorunması, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat kommunikasiyalarının inkişafı və qarşılıqlı etimadın gücləndirilməsi ilə bağlı idi. Azərbaycanın həm Cənubi Qafqaz, həm Mərkəzi Asiya, həm də daha geniş Avrasiya məkanında müxtəlif tərəflərlə dialoq aparması ölkənin diplomatik imkanlarının genişliyini göstərir.
Nəticə etibarilə, Bişkekdə verilən mesajlar Azərbaycanın qarşıdakı dövr üçün regional baxışının əsas konturlarını ortaya qoyur: davamlı sülh, açıq kommunikasiyalar, iqtisadi inteqrasiya, beynəlxalq hüququn effektiv tətbiqi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq. Cənubi Qafqazda yaranan yeni reallıqlar Mərkəzi Asiyadan Türkiyə və Avropaya qədər uzanan böyük coğrafiyada yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan isə siyasi iradəsi, coğrafi mövqeyi və formalaşdırdığı nəqliyyat infrastrukturu ilə bu proseslərin əsas iştirakçılarından biri kimi çıxış edir.
- 3-09-2026, 22:00
- Baxılıb: 0










