- Дата: 25-07-2025, 00:10
- Автор: anskanal
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda yeni reallıqlar yarandı-işğal sonlandırıldı.Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.İşğaldan azad olmuş ərazilərdə böyük quruculuq işlərinə başlanıldı.
Azərbaycanda müstəqillik dövründə mətbuat həmişə dövlətin qayğısı ilə əhatələnib.Neçə-neçə beynəlxalq tədbir işğaldan azad olunmuş Şuşa şəhərində keçirilib.Belə tədbirlərdən biri Media Forumu oldu – Şuşada III Qlobal Media Forumu keçirildi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumda çıxışında bu forumun ənənə xarakteri aldığını, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac olduğunu da qeyd etdi.
Uzun müddət Ermənistanın Azərbaycandan ərazi iddiası Azərbaycanın istər siyasi, istər beynəlxalq, istərsə də iqtisadi inkşafında müəyyən ləngimələr yaratdı.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında vurğuladı ki, “...işğal zamanı məhz bu yerdə seperatçılar tərəfindən “Parlament” adlandırılan bina tikilmişdi.Mənim buraya ilk səfərlərimdən birində biz bu “şeytan yuvasını“ dağıtmaq qərarına gəldik, məncə, tamamilə düzgün qərar verdik və onun yerində dövlət başçılarını qəbul edən belə gözəl Konqres Mərkəzi tikdik.Yaxınlıqda isə sovet vaxtı orada olan, işğal zamanı dağıdılan hotel tikilir.Konqres Mərkəzinin qarşısındakı meydan indi Qələbə meydanı adlanır.Hazırda Qələbə muzeyinin tikinti işləri aparılır”.
İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi həm siyasi, həm də coğrafi baxımdan diqqəti çəkib.Bu dəhliz hazırda dünyəvi münasibətlər sisteminin başlıca subyektlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirilən dəmir yolu çəkildiyini diqqətə çatdıraraq bildirdi ki, “Müasir infrastukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır.Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir.Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişiklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir.Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk.Biz demək olar ki, Ermənistan və İranla sərhədlərimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq“.
Bu Forum da, dövlət başçımızın çıxışı da, verilən sualları məntiqli və parametrli cavablandırması da bir tarixi gerçəkliyin yeni təzahürü oldu: Azərbaycan güclü dövlətdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Qarabağ münaqişəsi başa çatandan sonra sabitliyin, təhlükəsizliyin və inkşaf üçün perspektivlərin daha aydın və geniş olduğunu da, Azərbaycanın tədricən ayağa qalmağa, dirçəlməyə başladığını da, ABŞ,Fransa və Rusiya prezidentləri səviyyəsində status – kvonun qəbul edilməz olduğu bəyan ediləndə Azərbaycanın bunu böyük həvəslə qarşıladığını, Ermənistanın ərazimizi işğal etdiyi vaxtlarda ABŞ Konqresində ermənipərəst lobbinin fəaliyyəti nəticəsində Azərbaycana sanksiyalar tətbiq edildiyini, ...xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, “Bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır“.Bu qətiyyət xarici siyasətimizin heysiyyət simvolu kimi tarixləşdi.Dövlət başçımız dedi: “Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır.Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz.Ermənistan nə etmək istəyir ? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur.Onlar artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər.Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar.Xüsusilə də bu son İran-İsrail müharibəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirdilər.Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik.Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər.Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır.Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçididir“.
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi“ mövzusunda III Şuşa Qlobal Media Forumu Azərbaycan gerçəkliklərinin dünyaya inteqrasiyası baxımından tarixi bir hadisə oldu...
- Дата: 25-07-2025, 00:07
- Автор: anskanal
Bir həftəyə yaxındır ki, dünya mətbuatının əsas gündəmini dövlət başçımız cənab İlham Əliyevin Xankəndində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilmiş III Şuşa Qlobal Media Forumundakı unikal çıxışı və jurnalistlərin suallarına verdiyi əsaslandırılmış cavablarından çıxarılan mühüm tezislər təşkil edir. Yayılan bu məlumatları təhlil edib, ümumiləşdirmələr aparılanda ortaya çıxan bir sıra məqamları xüsusi qeyd etmək lazım gəlir.
Dünya mətbuatının diqqətə aldığı ilk məsələ forumun əhəmiyyətidir. Artıq işğaldan qurtulan müqəddəs torpaqlarımızda keçirilməsi ənənə halını alan və hər dəfə dünyanın qlobal problemlərinin müzakirəsinə həsr olunan media forumunda prezident İlham Əliyevin iştirakı və ən azı 3-4 saat saat ərzində elə 3-4 dildə aparıcı jurnalistlərin müxtəlif səpkidə maraqlı suallarına dünya liderlərindən biri kimi diqqətcəlb edən cavablar verməsi tədbirin əhəmiyyətinə əlavə orjinallıq gətirir.
Hər şeydən öncə vurğulamalıyıq ki, belə bir möhtəbər tədbirin bu il işğalından azad olunmasından qısa müddət keçməsinə baxmayaraq aparılan miqyasagəlməz nəhəng quruculuq işləri ilə hər kəsi qürurlandıran Xanın kəndində düzənlənməsi təsadüfi deyildi. Otuz illik işğal dövründə ancaq bir ovuc erməni separatçılarının terror yuvasına çevrilən Dağlıq Qarabağın əsrarəngiz gözəl məkanı, əslində tarixən elm, mədəniyyət mərkəzi kimi yaranıb. Dövlət başçısı da əvvəlcə Şuşada və ardınca Xankəndində təşkil olunan bu qlobal forumun iştirakçılarının nəzər-nöqtələrini bu məqamlara yönəltməklə, onlarının qələminin qüdrəti ilə təmsil etdikləri ölkələrin rəhbərlərinə və xalqına Azərbaycanın yaratdığı yeni reallıqların çatdırılması və eyni zamanda erməni və azərbaycanlıların bu bölgəyə baxışlarındakı kəskin fərqin olduğunu çatdırmağı diqtə etmiş oldu. Məhz, azərbaycanlıları millət olaraq göylərə qaldıran, erməniləri isə endirib yerlə bir edən baxışlarımızdakı bu fərqlilikdir, desək heç yanılmarıq. Nədir fərqli yanaşma? Ermənilərin 30 il müddətində əsl sahibi olmadıqları bu yerləri ancaq dağıtmaq, daşı-daş üstə saxlamamaq, yer altı-yerüstü sərvətlərini də talamaq, əksinə azərbaycanlıların öz tarixi torpaqlarına sahib çıxaraq 2-3 il müddətində bu yerləri cənab prezidentin qeyd etdiyi kimi cənnətin bir parçasına çevirmək. Bu fərqi görən və görmək istəyən əcnəbilər həm yeni reallığımızı qəbul etdilər, həm də cənnəti bu dünyada görmək, yaşamaq üçün bura gəlməkdə tələsdilər. Hər il Foruma qatılan iştirakçı ölkələrin və jurnalistlərinin sayının həndəsi silsilə ilə artması dilə gətirdiklərimizə əyani sübutdur. Sıravi vətəndaşından tutmuş, dövlət başçılarına qədər kimi açıq-aşkar, kimi də qəlbində hər kəs terrorizimdən uzun illər əziyyət çəkmiş bir bölgəni huzura qovuşduran, oranı dünyanın elm, təhsil, mədəniyyətlərarası sivilzasiyaların qovuşduğu bir məkana çevirən görkəmli şəxsiyyətə - Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edirlər. Bir halda dünyanın supergüc dövləti olmaqda davam edən ABŞ-nın prezidenti özünün çoxmilyonlu izləyicisi olan rəsmi Teleqraf səhifəsində Şuşa Qlobal Forumunda prezident İlham Əliyevin çıxışındakı mühüm məqamlardan birini paylaşırsa və ona iqtibas gətirirsə, bu artıq Azərbaycan gerçəkliyinin bütün dünya tərəfindən qeyd-şərtsiz qəbul olunmasıdır.
Sözügedəndə tədbirdə dövlət başçısı İlham Əliyevin hər bir suala verdiyi cavablar və onların doğurduğu rezonansdan saatlarla danışmaq və yazmaq olar. Onsuz da istər dünya, istərsə də yerli mətbuatımız bu məsələlərdən yetərincə bəhs edirlər.
Diqqətimin daha çox fokuslandığı bir neçə məqam oldu ki, onlardan biri, əlbəttə, Ukrayna xalqına işğalla heç vaxt barışmamaq tövsiyəsidir. İşğaldan ən çox əziyyət çəkən, uzun sürən sülh danışıqları ilə işğalın BMT-nin ərazi bütövlüyü prinsiplərinə tamamilə zidd olan və bütün ölkələr üçün bunun qəbuledilməz addım olduğunu inandırmağa çalışan, lakin sonunda yalnız öz hərbi gücü ilə masada yox, sahədə ilahi ədaləti bərqərar edən bir dövlətin, xalqın liderinin haqlı olduqları halda haqsız duruma salınan, işğala məruz qalan ölkələrə də tövsiyəsi işğala qarşı mübarizə aparmaq, onunla barışmamaq çağrışından başqa bir fikir ola bilməzdi.
Elə həmin tədbirdə Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Mixail Qusman bir növ etiraf etdi ki, bu gün Azərbaycan lideri başqa hansısa dövlətlə müqayisə oluna bilməyən, tamamilə nadir xarici siyasət yürüdür.
Kimin və ya kimlərin liderimizin Rusiya-Ukrayna müharibəsinə sərgilədiyi dəyişməz mövqeyindən xoşu gəlib-gəlməməyindən aslı olmayaraq, çıxışlarında və ya davranışlarında olsun, həmişə ədalətli olan prezident İlham Əliyev özü də qeyd edir ki, mən həm xalqıma, həm də xarici tərəfdaşlarıma ancaq və ancaq düzgün, həqiqət olanı danışıram, özü də 20-30 il bundan əvvəl nəyi dedimsə, indi də dəyişməyən fikirlərimi ifadə edirəm. Ancaq sirr deyil ki, İlham Əliyevdən fərqli olaraq bir çox dövlət, hətta dünyanın əsas güc mərkəzləri sayılan ölkələrin rəhbərləri Qarabağ məsələsində ikili yanaşma sərgilədikləri kimi Ukrayna münaqişəsində də bir çox hallarda düzgün olanı açıq dilə gətirməyə çəkinirlər. Bəlkə də bu yanaşmanı əvvəllər məqsədli şəkildə ortaya qoyurdular ki, sonunda özləri işğal subyektinə çevrilə biləcəklərini təxmin etmişdilər. Belə olan halda özlərinin uydurduqları bu arzuolunmaz halların hamı tərəfindən qəbuledilməsinin daha asan ola biləcəyini güman edirdilər. Əslində bu riyakar davranışları ilə həm də dünya düzəninin pozulmasına və bu yolla işğalçılığın bir ənənə halına gətirilməsinə rəvac vermiş oldular.
Bütün bunlardan yola çıxsaq, hamı qəbul etməlidir ki, prezident İlham Əliyevin çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanan çoxvektorlu siyasətində bir fenomenlik də vardır ki, bunları bir-biri ilə uzlaşdıran şəxsiyyət olaraq obyektiv və dürüst olması, heç vaxt yalan danışmamasıdır. Bu halda haqlı olaraq hər bir addımı atarkən xalqına güvənir və əmin olur ki, xalqı onu mütləq şəkildə dəstəkləyəcək. Necə ki, Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsi və bir günlük antiterror əməliyyatında xalqımız, millətimiz liderinin yanında oldu, dünyanın heç bir yerində görünməmiş birlik nümayiş etdirdilər.
Sözün əsl mənasında Ümummilli Lider Heydər Əliyev sağ olsaydı, oğlunun - dünya siyasətinin bütün incəliklərini dərindən dərk etməsi ilə hamini valeh edən, yüksək mədəniyyətə, təhsil səviyyəsinə, böyük intellektə malik olan prezident İlham Əliyevin əməlləri, missiyası ilə, siyasətinin məntiqi nəticələri ilə mütləq fəxr edərdi.
Bu yerdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün bir deyimi yerinə düşür : - Bir dövləti batırana deyil, batan bir dövləti vətən yapana dünya lideri deyilir. Bu nöqteyi nəzərdən də birmənalı deyə bilərik ki, istər Ümummilli Lider Heydər Əliyev, istərsə də, layiqli davamçısı prezident İlham Əliyev bu statusu artıq çoxdan qazanıblar.
- Дата: 25-07-2025, 00:06
- Автор: anskanal
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərin ən önəmlisindən biri olan 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ümummilli lider Heydər Əliyevdir. Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Ulu Öndər özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanırdı, ona etibar edirdi. Dahi rəhbər xalqının ən ağır günlərində səsinə səs verdi və onu baş verə biləcək təhlükələrdən qorudu.
Ulu Öndər ən çətin zamanda dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qorumaqla, ölkəmizdə ictimai-siyasi sabitliyi və vətəndaş həmrəyliyini təmin etməklə bu günümüzə müstəqil Azərbaycan dövlətini bəxş edib. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ona olan bütün ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir.
Son 22 ildə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev ordu quruculuğunu həmişə ən prioritet məsələ hesab edərək, respublikanın müdafiə qüdrətinin artırılmasını və ən müasir silahlarla təchiz olunmasını ön planda saxlayırdı. Ölkə başçısı öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 44 günlük Vətən müharibəsində ordumuzun 10 noyabr 2020-ci il tarixədə qazandıgı Şanlı qələbə Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Əldə etdiyimiz bu tarixi Zəfərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasəti, yenilməz, rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin şücaəti, qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində nail olduq. Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində Heydər Əliyevin möhkəm siyasi kursu və inkişaf strategiyası dayanır.
Ən əsası, bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlu gələcəyə aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır.
- Дата: 11-06-2025, 00:34
- Автор: anskanal
“1991-ci ilin axırlarında müstəqilliyini bərpa edən Azərbaycan xalqı hakimiyyətə gələn siyasi qüvvələrin səriştəsizliyi nəticəsində xaos, vətəndaş müharibəsi, iqtisadi böhran, ərzaq qıtlığı ilə üzləşməli oldu. Ölkəmizin hər yerində özbaşınalıq artdı, daxili stabillik, milli birlik pozuldu. Yaranan boşluqdan yararlanan Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü daha da şiddətləndirdi. Müqəddəs torpaqlarımızı, ərazi bütövlüyümüzü qorumalı olan qüvvələrin başı isə Bakıda hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Qoşun hissələri döyüş bölgələrindən çıxarılaraq Bakıya istiqamətləndirilirdi. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, minlərlə vətəndaşımız əsir düşdü, bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşdü. Böhran getdikcə dərinləşirdi. Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ümummilli mənafeyin şəxsi ambisiyalara qurban verilməsi o dövrdə hakimiyyətdə olan qüvvələrə xalqın inamını sarsıtdı. İnsanlar haqlı olaraq yeni qüvvə - xilaskar axtarışına çıxdı. Bütün diqqət, təbii olaraq, Naxçıvana yönəlmişdi. Xalqımız və ziyalılarımız çox yaxşı başa düşürdülər ki, dövlətimizi, ölkəmizi uçurumdan yalnız bir nəfər – ümummilli lider Heydər Əliyev çıxara bilər. Heç bir siyasi təcrübəsi olmayan başıpozuq bir qrupun yarıtmaz idarəçiliyi üzündən yox olmaq təhlükəsi ilə üzləşən dövlətimiz, itirilməkdə olan müstəqilliyimiz məhz Heydər Əliyevin böyük məharətinin sayəsində ayaqda qaldı, gücləndi”.
1993-cü ilin 15 iyun Milli Qurtuluş günü xalqımızın və dövlətimizin ictimai-siyasi həyatında ciddi dönüş yaradan tarixi hadisədir: “Ölkəmizin ziyalıları, ictimai-siyasi xadimləri və xalq haqlı olaraq Ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Müstəqil Azərbaycan dövlətinin məhv olmasına, parçalanmasına imkan vermədilər. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı milli müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda yaratmışdı. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi və Heydər Əliyevin siyasət olimpini fəth etməsinə böyük töhfələr verdi. Partiyamız bu gün də Prezodent cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi irsini ləyaqət və qürurla davam etdirir”.
Xalqın çağırışlarını, ziyalıların, iqtidar mənsublarının təkidli xahişlərini nəzərə alaraq, 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyasında gizli səsvermə yolu ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməklə hakimiyyətə qayıtdı: “Həmin il iyunun 24-də isə Milli Məclisin qərarı ilə prezident səlahiyyətləri Ali Sovetinin sədrinə - Heydər Əliyevə həvalə edildi. Ulu öndər Heydər Əliyev deyirdi: “Mənim heç bir silahım yoxdur: nə topum,nətapançam, nə də avtomatım var. Mənim idrakım var, iradəm var və xalq mənə ümid bəsləyirsə, xalq mənə bu səlahiyyəti vermişdirsə, xalqı bu ağır vəziyyətdən çıxarmağı öz öhdəmə götürmüşəmsə, güman edirəm ki, xalq məni müdafiə edəcəkdir”.
Yaxın keçmişimiz olan 1993-cü ildə baş verənlər hər kəsin xatirindədir. Dövlət büdcəsi boşaldılmış, sərvətləri talan edilmiş, idarəçilik sistemi dadağılmışdı: “Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Məhz xalqın böyük oğlu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda illərlə davam edən anarxiyaya, başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, hərbiləşmiş cinayətkar dəstələrin qətl və qarətlərinə, özbaşınalıqlarına son qoyuldu. 1994-cü ildə oktyabr, 1995-ci ildə mart aylarında dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Azərbaycanın iqtisadi diçəlişinin tarixi bünövrəsi dəməhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişinin ilk illərində iqtisadi sektorda çox böyük addımlar atıldı, islahatlar həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlanıldı, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı”.
Əgər Əliyev siyasi hakimiyyətə gəlməsəydi, Ermənistan daha böyük əraziləri işğal edib onun üzərində nəzarətini hüquqi müstəvidə dünyaya tanıtdıracaqdı: “Hələ sovet dövründə ermənilərin yeganə çəkindiyi, ehtiyat etdiyi siyasətçi Heydər Əliyev idi. Ulu öndər hələ 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verəndə buna ilk sevinənlər erməniklər oldu. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ermənilər onu da etiraf edirlər ki, cənab Prezident İlham Əliyev Qarabağ məsələsində hətta atası Heydər Əliyevdən də daha barışmaz idi. Əlbəttə ki, cənab İlham Əliyevin prinsipial vətənpərvər ruhda formalaşması, müstəqillik, ərazi bütövlüyü kimi həyati əhəmiyyətli məsələlərdə heç bir kompramisəgetməmək kimi mövqeyə sahiblənməsi valideynlərinin ailədə aşıladığı tərbiyədən, ideologiyadan irəli gəlir. 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə Ulu öndərim yarımçıq qalan missiyasını tamamlayan cənab İlham Əliyev bütün dünyada tarix yazdı. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv, azad görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qarabağ və Şərqi Zəngəzur müasir tələblərə uyğun olaraq yenidən qurulur. Böyük Qayıdış proqramı mərhələli, xüsusi düşünülmüş proqram əsasında həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ona göstərilən inamı və etimadı doğrultdu, dahi şəxsiyyətin vəsiyyətini yerinə yetirdi. Əminliklə deyə bilərik ki, qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə yeni zəfərlərə doğru irəliləyəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməkləmöhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir”.
Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş Heydər Əliyevin böyüklüyü öz dövrünün siyasi xadimləri tərəfindən də etiraf olunub. ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin“siyasi nəhəng”, Fransanın sabiq Prezidenti JakŞirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyini zaman keçdikcə daha aydın dərk edirik. Ulu öndər Heydər Əliyevin yorulmaz və gərgin siyasi-diplomatik fəaliyyəti, dövlətçilik təcrübəsi, Azərbaycan xalqının milli maraq və mənafeyinə bağlılığı ilə ümummilli rəhbər olduğunu bütün dünyaya bir daha sübut etdi”.
- Дата: 11-06-2025, 00:31
- Автор: anskanal
Ucar Gənclər Evində “Karyerada inkişaf naviqatoru” layihəsinin ilk mərhələsi baş tutub.
Tədbirdə Ucar Gənclər Evinin direktoru kazım Məmmədov, müsabiqənin qalibi və layihə rəhbəri Zinhar Bəbişov və əgnclər iştirak ediblər.
Layihə çərçivəsində gənclərə karyera planlaması, iş axtarışı strategiyaları, CV hazırlanması və müsahibəyə hazırlıq, şəxsi brendinq, işgüzar ünsiyyət və praktiki iş təcrübəsi mövzularında təlimlər keçirilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun fərdi qrant müsabiqəsi çərçivəsində həyata keçirilib. Müsabiqənin qalibi və layihə rəhbəri Zinhar Bəbişovdur.
- Дата: 4-06-2025, 10:03
- Автор: anskanal
Mayın 28-də Prezident İlham Əliyevin Laçın şəhərində etdiyi çıxış Azərbaycanın dövlətçilik tarixində və regiondakı yeni reallıqlar fonunda önəmli əhəmiyyət daşıyır. Laçının azad olunmasından sonra ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistan liderləri bu qədim torpaqda bir araya gəldi. Bu görüş təkcə üç qardaş ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinin deyil, həm də azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa proseslərinin beynəlxalq dəstək qazandığının açıq göstəricisidir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanın keçdiyi tarixi yol asan olmayıb. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və dövlətçilik iradəsinin təzahürü idi. Lakin bu müstəqillik cəmi iki il sonra itirildi. 1920-ci ildə Qərbi Zəngəzur bölgəsi Azərbaycandan qoparılaraq Ermənistana birləşdirildi. Bu ədalətsizliklər sonrakı onilliklərdə də davam etdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzurda yüz minlərlə azərbaycanlı ata-baba yurdlarından didərgin salındı. Xocalı soyqırımı isə bu siyasətin ən qanlı səhifəsi oldu.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan dövləti bu haqsızlıqlarla heç vaxt barışmayıb. Ölkə rəhbərliyi illər boyu həm beynəlxalq təşkilatlar çərçivəsində haqq səsini dünyaya çatdırıb, həm də iqtisadi, hərbi və diplomatik sahələrdə güclənərək işğala son qoymaq üçün sistemli şəkildə hazırlaşıb. Güclü iqtisadiyyatın və xalqın iradəsinə söykənən siyasi iradənin nəticəsi olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıldı. Şuşanın azad olunması bu zəfərin simvoluna çevrildi. Ardınca Laçın, Kəlbəcər və Ağdam bir güllə belə atılmadan işğaldan azad edildi. 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı ilə ölkənin suverenliyi tam bərpa olundu və separatizmə son qoyuldu.
Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri davam edir. Yeni xəstəxanalar, məktəblər, yollar, hava limanları və digər infrastruktur obyektləri bölgənin yenidən canlanmasına səbəb olub. Artıq 43 min insan doğma torpaqlara qayıdıb və bu rəqəmin sürətlə artacağı gözlənilir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu proses Azərbaycan dövlətinin iradəsini və gücünü nümayiş etdirir. Eyni zamanda bu ərazilərə həyatın qayıtması bölgənin əsl sahiblərinin öz yurdlarında əmin-amanlıq içində yaşamağa başladığını sübut edir.
Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə birgə nümayiş etdirilən həmrəylik beynəlxalq arenada mühüm mesaj verdi. Prezident İlham Əliyev vurğuladı ki, bu üçtərəfli əməkdaşlıq təkcə bugünkü siyasi maraqlar üzərində deyil, ortaq tarix, mədəniyyət və dəyərlər üzərində qurulub. Laçından verilən birlik mesajı regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyi və yeni sahələri əhatə edəcəyi istisna edilmir.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin nəticələrini və gələcəyə olan inamını əks etdirir: “Biz qayıtmalıydıq və qayıtmışıq. Qələbə bizimlədir və bizimlə olacaq.”
- Дата: 29-05-2025, 23:51
- Автор: anskanal
- Дата: 29-05-2025, 23:49
- Автор: anskanal
Hər bir xalqın tarixində qürurverici məqamlar, millətin öz kimliyini dünyaya bəyan etdiyi anlar mövcuddur. 28 May – Müstəqillik Günü Azərbaycan xalqı üçün bu baxımdan mühüm mənəvi-siyasi əhəmiyyətə malikdir.
1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanın deyil, həm də bütün Şərq və müsəlman aləminin ilk demokratik, hüquqi və dünyəvi respublikası kimi tarixə düşmüşdür.
Tiflisdə fəaliyyət göstərən Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə xalqımız öz taleyinin sahibi olduğunu dünyaya bəyan etmişdir. Bu sənədin ruhunda xalq hakimiyyəti, hüquq bərabərliyi, söz və vicdan azadlığı kimi mütərəqqi prinsiplər əksini tapmışdır. Cümhuriyyət parlamenti çoxpartiyalı sistem əsasında fəaliyyət göstərmiş, qadınlara seçki hüququ verərək bu sahədə bir çox Avropa ölkələrini belə geridə qoymuşdur.
Qısa müddət ərzində dövlət atributlarının – bayraq, gerb, himn təsis edilməsi, ordu quruculuğu, təhsil islahatları və beynəlxalq əlaqələrin qurulması tarixi və mənəvi-siyasi əhəmiyyətə malikdir. Həmin dövrdə qəbul edilən qərarlar gələcək müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi və hüquqi əsaslarını formalaşdırmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə Sovet işğalı nəticəsində süqut etsə də, onun ideyaları xalqın yaddaşında yaşamağa davam edirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etməklə Cümnhuriyyət ideyalarının davamçısı olduğunu dünyaya bəyan etdi. Lakin bu yol asan olmadı – müstəqilliyin ilk illərində ölkədə siyasi böhran, iqtisadi çətinliklər və təhlükəli separatizm cərəyanları hökm sürürdü.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni böyük təhlükələrdən xilas etdi. Onun rəhbərliyi ilə sabitlik bərpa edildi, ordu quruculuğu sürətləndirilərək dövlətçiliyin möhkəm təməli qoyuldu. Dahi Lider Azərbaycanı güclü və dayanıqlı dövlətə çevirmək istiqamətində genişmiqyaslı islahatlar reallaşdırdı. Bu siyasət müstəqil iqtisadiyyatın formalaşması, ölkəmizin beynəlxalq nüfuzun artırılması və milli təhlükəsizliyin təmin olunması ilə müşayiət olundu. Məhz bu dövrdə gələcək Zəfər yolunun əsası qoyuldu – milli birliyin möhkəmlənməsi, güclü ordu və qətiyyətli xarici siyasət bu tarixi missiyanın əsas sütunlarına çevrildi.
Ulu Öndərin siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın inkişafını yeni mərhələyə yüksəltdi. Onun rəhbərliyi ilə ölkəmiz sürətli iqtisadi inkişaf yolu keçdi, irimiqyaslı infrastruktur layihələri həyata keçirildi. Dövlətimizin beynəlxalq münasibətlərdə mövqeyi möhkəmləndi və ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.
Müasir Azərbaycan dövləti Cümhuriyyət irsini yaşadır, onu dövrün tələblərinə uyğun olaraq inkişaf etdirir. Bu, həm tarixi yaddaşa sədaqət, həm də gələcək nəsillərə örnəkdir. 28 May – Müstəqillik Günü həm də milli kimliyimizin, dövlətçilik iradəmizin və azadlıq ruhumuzun simvoludur. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ideyalar bu gün müasir müstəqil Azərbaycanın sütunlarını təşkil edir. Cümhuriyyət qurucularının arzuları gerçəkləşdirilmiş, bugünkü nəsillərə güclü, müstəqil və qalib bir dövlət miras qoyulmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.
Azərbaycan xalqı bu tarixi yaddaşın daşıyıcısı, dövlətin qürurlu vətəndaşı olaraq hər il 28 May tarixini yüksək ehtiramla qeyd edir, müstəqilliyimizi əbədi yaşatmaq əzmində olduğunu nümayiş etdirir.
- Дата: 29-05-2025, 00:39
- Автор: anskanal
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, ölkə tarixində dərin iz qoymuş liderlərdən biri kimi xalqın yaddaşında qalır. Onun rəhbərliyi ilə ölkəmiz yalnız iqtisadi və sosial cəhətdən deyil, həm də hərbi və geosiyasi baxımdan güclənmiş, dünyada söz sahibi olan dövlətlər sırasına daxil olmuşdur.
Ali Baş Komandan kimi liderliyi – Qələbəyə aparan yol
İlham Əliyev Ali Baş Komandan kimi özünü tarixə Qarabağ Zəfərinin memarı kimi yazdırmışdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində onun uzaqgörən, qətiyyətli və cəsarətli rəhbərliyi sayəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərmiş, torpaqlarımız işğaldan azad edilmişdir. Bu zəfər təkcə hərbi sahədə deyil, diplomatik və informasiya savaşında da Azərbaycan dövlətinin üstün mövqeyini təsdiqlədi.
İlham Əliyev müharibənin ilk günlərindən etibarən həm cəbhədəki komandanlıq prosesini uğurla idarə etdi, həm də beynəlxalq platformalarda Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Onun informasiya müharibəsində sərgilədiyi bacarıqlı çıxışlar, dünya liderləri ilə apardığı danışıqlar və xalqa ünvanladığı ruhverici müraciətlər xalqda həmrəyliyi, güvəni və milli ruhu gücləndirdi.
Şəhid ailələrinə və qazilərə diqqət və qayğı – Dövlətin mənəvi borcu
Prezident İlham Əliyevin siyasətində şəhid ailələri və qazilər xüsusi yer tutur. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə dövlət başçısının göstərdiyi diqqət və qayğı, bu ailələrin sosial təminatının yaxşılaşdırılması üçün həyata keçirilən layihələr və dövlət proqramları onun insan yönümlü siyasətinin nümunəsidir.
Dövlət tərəfindən şəhid ailələrinə və müharibə veteranlarına mənzillər, avtomobillər, maddi yardımlar təqdim olunur. Onların təhsil, səhiyyə və məşğulluq hüquqlarının təmin olunması üçün xüsusi proqramlar hazırlanıb. Müasir reabilitasiya mərkəzlərinin yaradılması qazilərin sağlamlıqlarının bərpasına yönəlmiş addımlardandır.
Prezident tez-tez şəhid ailələri və qazilərlə birbaşa görüşlər keçirir, onların müraciətlərini şəxsən dinləyir və dərhal həll olunması üçün göstəriş verir. Bu, dövlət başçısının bu kateqoriyadan olan vətəndaşlara nə qədər səmimi və həssas yanaşdığını nümayiş etdirir.
Xalqına bağlılıq və sosial rifah siyasəti
İlham Əliyev hər zaman “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” prinsipinə sadiq qalmışdır. Onun rəhbərliyi ilə sosial sahədə həyata keçirilən genişmiqyaslı islahatlar milyonlarla vətəndaşın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etmişdir. Son illərdə əmək haqları, pensiyalar və sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, ünvanlı sosial yardımların genişləndirilməsi və şəffaflaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsi kimi tədbirlər sosial ədalətin bərqərar olunmasına yönəlmişdir.
Bundan əlavə, pandemiya dövründə və post-müharibə dövründə xalqın sosial və iqtisadi çətinliklərinə qarşı çevik və effektiv tədbirlər görülmüş, minlərlə ailəyə birbaşa dövlət dəstəyi göstərilmişdir. Bu da Prezidentin xalqına bağlılığını və onunla birgə olduğunu bir daha sübut etmişdir.
Milli birliyə və dövlətçiliyə xidmət
İlham Əliyevin dövlətçilik anlayışı milli birlik, siyasi sabitlik və strateji inkişaf üzərində qurulub. Onun daxili və xarici siyasətində xalqın maraqları hər zaman əsas prioritet kimi dayanır. Azərbaycanın suverenliyinin qorunması, ərazi bütövlüyünün təmin olunması və beynəlxalq müstəvidə tanıdılması istiqamətində atılan addımlar dövlətçilik tariximizdə qızıl hərflərlə yazılır.
Onun rəhbərliyi ilə “Azərbaycan brendi” dünya miqyasında tanınır və hörmətlə qarşılanır. Bu uğurlar yalnız güclü iqtisadi göstəricilər və diplomatik uğurlarla deyil, həm də xalqla dövlət başçısı arasında olan qarşılıqlı etimadla bağlıdır.
Nəticə
Prezident İlham Əliyev yalnız güclü bir lider deyil, həm də xalqına və vətəninə sonsuz sədaqətlə xidmət edən bir dövlət başçısıdır. Onun Ali Baş Komandan kimi rəhbərliyi ilə əldə olunan Qələbə, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət, xalqın rifahı naminə həyata keçirdiyi sosial siyasətlər və milli maraqlara əsaslanan dövlətçilik anlayışı Azərbaycan tarixində əbədi olaraq yadda qalacaqdır.
Bu gün Azərbaycan vətəndaşı olmaq həm qürur, həm də güvən mənbəyidir. Bu güvənin arxasında isə güclü və xalqı ilə bir olan bir lider – İlham Əliyev dayanır.
- Дата: 21-05-2025, 10:25
- Автор: anskanal