Əliqara Hüseynov: İlham Əliyev – Milli Məqsədləri Böyük Tarixi Nəticələrə Çevirən Dövlət Başçısı » ANS KANAL

Əliqara Hüseynov: İlham Əliyev – Milli Məqsədləri Böyük Tarixi Nəticələrə Çevirən Dövlət Başçısı

gurcustan-mediasi-prezidentin-musahibesini-genis-isiqlandirib

Bir dövlətin gələcəyini yalnız malik olduğu sərvətlər deyil, həmin sərvətləri hansı məqsədə yönəltdiyi, tarixin qarşısına çıxardığı fürsətlərdən necə istifadə etdiyi və ən çətin məqamlarda nümayiş etdirdiyi iradə müəyyənləşdirir. Azərbaycan son illərdə həm ciddi sınaqlardan keçib, həm də uzun illər əlçatmaz görünən böyük milli məqsədlərə nail olub. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin keçdiyi bu mərhələ dövlətin siyasi iradəsinin güclənməsi, milli maraqların daha qətiyyətlə qorunması və Azərbaycanın öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirməsi ilə xarakterizə olunur.

İlham Əliyevin dövlətçilik baxışında Azərbaycanın yalnız bugünkü vəziyyəti deyil, onilliklər sonrakı mövqeyi də mühüm yer tutur. Buna görə həyata keçirilən iri layihələrin bir çoxu ani nəticədən daha çox strateji perspektivə hesablanıb. Enerji marşrutlarının şaxələndirilməsi, nəqliyyat imkanlarının genişləndirilməsi, ölkə daxilində müasir infrastrukturun yaradılması və iqtisadiyyatın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi Azərbaycanın gələcək imkanlarını möhkəmləndirən əsaslardan birinə çevrilib.

Ölkənin bölgələrində baş verən dəyişikliklər bu siyasətin gündəlik həyatda görünən tərəfidir. Vaxtilə ciddi infrastruktur çatışmazlıqları yaşayan yaşayış məntəqələrində yolların yenilənməsi, qazlaşdırma və elektrik təminatının yaxşılaşdırılması, məktəb və səhiyyə obyektlərinin tikilməsi regionların sosial-iqtisadi inkişafına təsir göstərib. Azərbaycanın inkişafının yalnız paytaxtın sərhədləri daxilində qalmaması, ən ucqar yaşayış məntəqələrinə qədər çatması dövlət siyasətinin qarşısında duran mühüm məqsədlərdən biri olub.

Prezident İlham Əliyevin adı ilə bağlı olan ən böyük tarixi hadisə isə şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Qarabağ problemi uzun illər bir xalqın qəlbində açıq yara kimi yaşamışdı. Nəsillər dəyişir, lakin Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama və digər doğma torpaqlara qayıdış arzusu dəyişmirdi. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər həmin arzunu gerçəkliyə çevirdi. Azərbaycan xalqı öz tarixinin ən böyük milli məqsədlərindən birinə çatdı.

Bu Qələbənin əsl müəllifləri sırasında Azərbaycan əsgərinin adı hər zaman xüsusi ehtiramla çəkiləcək. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız və sağlamlığını döyüş meydanında itirən qazilərimiz xalqımızın azadlıq tarixində əbədi yaşayacaqlar. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının davam etdirilməsi onların Vətən qarşısında xidmətlərinə verilən qiymətin ifadəsidir. Onların sosial müdafiəsinin, tibbi və reabilitasiya imkanlarının yaxşılaşdırılması, mənzil təminatı istiqamətində həyata keçirilən proqramlar dövlətin bu təbəqəyə xüsusi münasibətini göstərir.

Azərbaycanın Zəfərdən sonrakı davranışı isə onun qarşısına hansı gələcəyi qoyduğunu göstərir. Azad edilmiş ərazilərdə dağıntıları sadəcə aradan qaldırmaq deyil, tamamilə yeni həyat qurmaq istiqaməti seçilib. Qarabağ və Şərqi Zəngəzurda yaradılan yollar, tunellər, yaşayış məntəqələri, məktəblər, enerji obyektləri və digər infrastruktur böyük bir regionun yenidən iqtisadi və sosial həyata qaytarılmasına xidmət edir. Vaxtilə viran qoyulmuş ərazilərin müasir yaşayış məkanlarına çevrilməsi Azərbaycan dövlətinin quruculuq imkanlarını nümayiş etdirir.

Böyük Qayıdışın hər yeni mərhələsi isə bu quruculuğa canlı ruh verir. İnsanların öz ata-baba torpaqlarına dönməsi ilə yeni tikilən evlər sadəcə binalar olmaqdan çıxır, yenidən ailə ocağına çevrilir. Məktəblərdə uşaqların səsi eşidilir, küçələrdə gündəlik həyat başlayır, illərlə xəritədə həsrət ünvanı kimi görünən şəhər və kəndlər yenidən Azərbaycanın canlı sosial məkanına qovuşur. Qələbənin ən böyük mənəvi davamı da məhz budur – azad edilmiş torpaqlarda Azərbaycan həyatının əbədi bərqərar olması.

İlham Əliyevin rəhbərliyi ilə gələcəyin Azərbaycanı üçün müəyyənləşdirilən istiqamətlər sırasında iqtisadi yenilənmə xüsusi əhəmiyyət daşıyır. Qeyri-neft sektorunun böyüməsi, yerli istehsalın gücləndirilməsi, sahibkarlıq təşəbbüslərinin genişləndirilməsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması və texnoloji yeniliklərin tətbiqi dayanıqlı iqtisadi modelin qurulmasına xidmət edir. Yaşıl enerji potensialından istifadə və rəqəmsal transformasiya isə yeni dövrün iqtisadi imkanlarını genişləndirən sahələr kimi ön plana çıxır.

Azərbaycan eyni zamanda coğrafi mövqeyini böyük beynəlxalq üstünlüyə çevirmək istiqamətində fəaliyyət göstərir. Avropa ilə Asiyanın arasında yerləşən ölkənin enerji və nəqliyyat bağlantılarında rolunun artması onun iqtisadi əhəmiyyətinə əlavə siyasi çəki qazandırır. Müxtəlif ölkələrlə qurulan əməkdaşlıq münasibətləri və beynəlxalq platformalarda nümayiş etdirilən fəallıq Azərbaycanın öz maraqlarını müdafiə edən və tərəfdaşlıq üçün açıq olan dövlət kimi mövqeyinin gücləndirilməsinə xidmət edir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq bir vaxtlar qarşısında duran ən ağır tarixi məsələnin həllindən sonrakı mərhələni yaşayır. Yeni dövrün əsas sualı torpaqlarımızı necə azad etmək deyil, azad və bütöv Azərbaycanı gələcək nəsillər üçün necə daha qüdrətli etməkdir. Qarabağda yandırılan hər yeni ev işığı, yaradılan hər müəssisə, tikilən hər məktəb və ölkənin gələcəyinə yönəldilən hər böyük layihə bu suala verilən cavabın bir hissəsidir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında indi daha böyük bir hədəf dayanır: tarixi Qələbəni uzunmüddətli tərəqqiyə çevirmək və gələcək nəsillərə daha güclü, daha inkişaf etmiş Azərbaycan əmanət etmək.

  • Dünən, 23:13
  • Baxılıb: 0