Hadisə » Səhifə 7 » ANS KANAL

Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı piyadalara müraciət edib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti piyadalar üçün bir sıra çətinliklər yaradıb:

"Bununla yanaşı, yolların sürüşkənliyi və məhdudiyyətli görünmə səbəbindən piyadavurma hadisələrinin baş vermə ehtimalı artıb.

Lakin bəzən piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, səki olduğu halda, eləcə də qəflətən yolun hərəkət hissəsinə çıxması yol qəzalarının baş verməsinə real zəmin yaradır.

Nəzərə almaq lazımdır ki, sürüşkən yolda piyadanın anidən yola çıxması onsuzda çətinliklə hərəkət edən sürücünü kəskin tormozlamaya vadar edir ki, bu da piyadavurma, toqquşma, maneəyə vurma kimi ağır hadisələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadalara müraciət edərək, bir daha onları əlverişsiz havalarda yola çıxarkən öz həyat və sağlamlıqlarına qarşı diqqətli olmağa, verilən tövsiyələrə laqeyd yanaşmamağa, hərəkəti qaydalarına istisnasız əməl etməyə çağırır".

  • Дата: 21-02-2025, 12:03
  • Автор: anskanal
Полная статья »

Qar-şaxta gəlir: Qurumlar XƏBƏRDARLIQ ETDİ - Bu gündən...

Bu gündən 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə qar yağacağı, temperaturun tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bəs havaların qarlı-şaxtalı keçməsi virus və mikrob xəstəliklərinin, infeksiyaların gedişinə necə təsir edə bilər? Ümumiyyətlə, Bakı da daxil, ölkədə epidemioloji vəziyyət hazırda necədir? Ən çox hansı viruslar aktivdir?

Qeyd edək ki, hazırda dünyada kəskin respirator virus infeksiyaları geniş şəkildə yayılıb. Xüsusilə metapnevmovirus (HPMV) bir çox ölkədə, o cümlədən Çin, Qazaxıstan və Rusiya Federasiyasında qeydə alınıb. Bu virus əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslərdə öskürək, burun tutulması, hərarət və nəfəs darlığı kimi simptomlarla özünü göstərir.

həkim-infeksionist Sadiqə Əliyeva mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, payız -qış mövsümü kəskin respirator virus infeksiyalarının aktivləşdiyi bir dövrdür: “Ona görə infeksiyalar bu dövrdə daha çox müşahidə olunur. Bəzən də insanlar geyimlərini havaya uyğun tənzimləmirlər. Ya həddən artıq qalın geyinib tərləyir, ya da soyuq havada nazik geyinirlər. Bu səbəbdən də soyuqdəymələr olur. Qapalı yerlərdə insanların toplaşması, otaqların havalandırılmaması virusların yayılmasına səbəb olur”.

İnfeksionistin sözlərinə görə, hazırda ən çox “A” qrip virusu - influenza  yayılıb. Koronavirus az da olsa, var. Eləcə də digər respirator viruslar da müşahidə olunur: "Bu viruslar yalnız bu il üçün xarakterik deyil, hər il olur. Havalar isindikcə xəstəliklər də azalacaq. Bu dönəmlərdə valideynlər çalışmalıdırlar ki, xəstə olan övladlarını məktəblərə, bağçalara göndərməsinlər. Bu həm uşağın özünə faydalıdır, həm də infeksiyanı digərlərinə keçməsinin qarşısını alacaq. Bütün yaş qruplarına aiddir, xəstə olduqları zaman  vacib getməli yerlərə mütləq maskadan istifadə etsinlər. Əl gigiyenasına diqqət etsinlər. Otaqlar tez-tez havalandırılsın".

Sadiqə Əliyeva insanların “sistem vurdurum, sağalacağam” kimi fikirlərinə də diqqət çəkib: “Sistemin tətbiq edilməsi iki halda olur. Birincisi, orqanizm çoxlu maye itirdiyi zaman, o mayeni qəbul etmək üçün vurulur. İkinci hal isə dezintoksikasiya zamanı istifadə edilir ki, yüksək dərəcədə hərarət olanda həmin mayeni bərpa etmək üçündür. Yəni şəxsin qaytarması, qusması yoxdursa, özü kifayət qədər maye qəbul edə bilirsə, sistemə heç ehtiyac yoxdur. Sistem o adama qoyulur ki, içə bilmir, mayeni özü qəbul edə bilmir. Hər adama ucdantutma sistem qoymaq düzgün deyil”.

Onu da nəzərə çatdıraq ki, Ümumdünya Səhiyyə Təşkilatı gələcəkdə pandemiyaya səbəb ola biləcək potensial təhlükəli patogenlərin siyahısını təqdim edib. Bu siyahıya hazırda A qrip virusları, qızdırma və meymun çiçəyi də daxil olmaqla, 30-dan çox patogen daxildir. Alimlər bu siyahını tərtib etmək üçün təxminən iki il vaxt sərf edərək, viruslar və bakteriyalar da daxil olmaqla 1,6 mindən çox patogen növünü öyrəniblər.

Tədqiqatçıların təqribən 57 faizi hesab edir ki, bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi ehtimalı var və buna əvvəlkilərdən daha təhlükəli olan mutasiyaya uğramış qrip virusu səbəb ola bilər. Mütəxəssislərin təxminən 21 faizi isə “ X” xəstəliyi adlı, hələ məlum olmayan bir virusun pandemiyaya səbəb ola biləcəyini düşünür.

Professor Aleksandr Çepurnovun fikrincə, quş qripi (H5N1) ən təhlükəli viruslardan biridir. Bu virusun insandan insana ötürülmə qabiliyyəti məhduddur, lakin mutasiya nəticəsində bu xüsusiyyət dəyişə bilər. Quş qripindən ölüm nisbəti 40-60% arasında dəyişir, yəni xəstələnən hər iki insandan biri həyatını itirə bilər.

Çində aparılan araşdırmalar nəticəsində xəz fermalarından götürülmüş nümunələrdə 36-sı əvvəllər məlum olmayan 125 virus müəyyən edilib. Bu virusların əksəriyyətinin heyvanlardan insanlara keçmə riski daşıdığı bildirilir. Xüsusilə yenot itləri digər heyvanlarla müqayisədə ən çox virus riski daşıyan növlər arasında qeyd edilir.

Ümumiyyətlə, yaxın gələcəkdə mutasiyaya uğramış qrip virusları, “ X” xəstəliyi kimi hələ məlum olmayan patogenlər və quş qripi kimi viruslar potensial pandemiya riski daşıyır. Bu səbəbdən, alimlər və səhiyyə təşkilatları bu patogenlərin monitorinqini davam etdirir və mümkün təhlükələrin qarşısını almaq üçün tədbirlər görürlər.

  • Дата: 20-02-2025, 16:00
  • Автор: anskanal
Полная статья »

Ceyhun Cəfərovun cəza müddəti bitdi - Azad edildi

Kürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb.

 “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən eks-icra başçısı artıq azaddır.

Bir ay əvvəl də Ceyhun Cəfərovla birlikdə həbs olunan birinci müavini Tacəddin Novruzov azadlığa buraxılıb.

C. Cəfərov və T.Novruzova qarşıdakı 2 il 6 ay dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq qadağan edilib. 

Qeyd edək ki, 2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kürdəmirdəki qanun pozuntularına qarşı əməliyyat keçirib. Əməliyyat çərçivəsində rayonun icra başçısı  və başqa vəzifəlilər cinayət məsuliyyətinə cəlb edilib. 

Ceyhun Cəfərov ilk növbədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Dövlətə vurulan ziyanı ödəməsi nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb.

Cəza müddətində Ceyhun Cəfərov 2 ilini təcridxanada, 1 il 2 ayını ümumi rejimli cəza müəssisəsində, qalan 1 il 2 ayını isə məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirib. Məhkum son aylarda müdriyyətin icazəsi ilə müəyyən vaxtlarda cəzaçəkmə müəsisəsindən kənara çıxa bilirdi.

  • Дата: 19-02-2025, 12:19
  • Автор: anskanal
Полная статья »