Xəbərlərin siyahısı: Oktyabr 2025 illər » Səhifə 3 » ANS KANAL

Kamaləddin Qafarov: “Azərbaycan sülhün  reallaşmasına əlverişli şərait yaradıb”

“Azərbaycan Prezidenti İlham Əliyevin Astanada səsləndirdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin sarsılmaz əsaslara söykəndiyini bir daha nümayiş etdirdi”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Prezidentimizin sözlərində həm siyasi uzaqgörənlik, həm də regional əməkdaşlığa verilən yüksək dəyər aydın şəkildə hiss olunur. “Dövlətimizin başçısı Qazaxıstanın inkişafını və Prezident Kasım-Jomart Tokayevin modernləşmə siyasətini yüksək qiymətləndirərək bildirdi ki, Qazaxıstan bu gün regionda etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən güclü dövlət kimi möhkəmlənib. Cənab Prezidentin bu fikirləri, əslində, Türk dünyasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq modelinin möhkəmlənməsinə verdiyi töhfədir.”

Millət vəkili qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətləri sadəcə siyasi yaxınlıq deyil, həm də bu proses dərin mənəvi bağlara söykənir: “Cənab Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, ən çətin dövrlərdə Azərbaycan həmişə Qazaxıstanın dəstəyini hiss edib. Bu, xalqlarımızın dostluğunun söz yox, əməl üzərində qurulduğunu göstərir.

Dövlətimizin başçısının çıxışında sülh mövzusu da mühüm yer tutur. Cənab Prezident Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımların səmimiliyini və praktiki nəticələrini diqqətə çatdırdı. Qazaxıstanın Ermənistana taxıl tranziti buna real nümunədir. Azərbaycan bu addımı atmaqla sülhün kağız üzərində deyil, real həyatda da təcəssüm tapmasına şərait yaradıb. Dövlət başçısının fikrincə, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq artıq regional deyil, qlobal əhəmiyyət kəsb edir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr həm iqtisadi inteqrasiyanı, həm də siyasi sabitliyi möhkəmləndirəcək. Beləliklə, cənab Prezident İlham Əliyevin bəyanatı qardaşlıq, əməkdaşlıq və sülh fəlsəfəsini özündə birləşdirən mühüm siyasi sənəddir. Bu çıxış Azərbaycanın regionda sabitlik, tərəfdaşlıq və inkişaf xəttinə sadiqliyinin bariz nümunəsidir”.

  • Дата: 23-10-2025, 11:16
  • Автор: anskanal
Полная статья »

Eltun Süleymanov: "Azərbaycanın liderlik missiyası və Qazaxıstan Bəyanatının siyasi, iqtisadi, diplomatik əhəmiyyəti"


Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri və səfər çərçivəsində səsləndirdiyi bəyanatlar regionda yeni siyasi mərhələnin başlanğıcını göstərir. Bu bəyanat təkcə iki qardaş ölkə arasında münasibətlərin inkişaf istiqamətlərini deyil, həm də Cənubi Qafqaz və Orta Asiya məkanında formalaşan yeni geosiyasi nizamın ana xəttini müəyyənləşdirir.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, Azərbaycan və Qazaxıstan münasibətləri tarixən dostluq, etimad və qarşılıqlı dəstək üzərində qurulub. Bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsini də aşaraq, vahid türk dünyasının iqtisadi və siyasi inteqrasiyasının aparıcı modeli kimi təqdim olunur. Cənab Prezident İlham Əliyev bu səfərdə çıxışı zamanı vurğuladı ki, xalqlarımızı bağlayan ortaq tarixi köklər, mədəni dəyərlər və birliyə yönəlmiş siyasi iradə münasibətlərimizin gələcəyini daha da möhkəmləndirir. Azərbaycan bu gün regional sabitlik və tərəqqi modelini uğurla formalaşdıran lider dövlətdir. 44 günlük Vətən müharibəsindən sonra yaranan reallıqlar, Qarabağın bərpası və sülh gündəminin təşəbbüskarı kimi çıxış etməsi Azərbaycanın beynəlxalq siyasətdə etibarlı tərəfdaş və regional lider statusunu daha da gücləndirib. Qazaxıstanla münasibətlərdə isə bu liderlik iqtisadi, nəqliyyat və enerji əməkdaşlığı sahələrində öz əksini tapır. Bu gün iki ölkə arasında enerji layihələri, Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, Transxəzər nəqliyyat dəhlizinin genişləndirilməsi istiqamətində konkret addımlar atılır. Orta Dəhliz layihəsinin reallaşması Azərbaycan və Qazaxıstanı Avrasiya ticarət sisteminin mərkəzinə çevirir. Bu isə Azərbaycanın iqtisadi diplomatiyasının uzaqgörənliyini və səmərəliliyini bir daha sübut edir. Cənab Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi “Türk dünyasının iqtisadi xəritəsini birləşdirmək vaxtıdır” fikri bu baxımdan strateji əhəmiyyət daşıyır. Çünki bu çağırış təkcə iqtisadi maraqlara deyil, həm də vahid türk siyasi məkanının formalaşmasına xidmət edir. Azərbaycan bu istiqamətdə həm təşəbbüskar, həm də reallaşdırıcı rolda çıxış edir. Cənab Prezident İlham Əliyevin siyasətində sülh və sabitlik anlayışı heç vaxt formal deyil. Azərbaycan sülhü ədalət və qarşılıqlı hörmət prinsipləri üzərində qurmaqla, regionda uzunmüddətli təhlükəsizlik sisteminin əsasını formalaşdırır. Ermənistanla sülh müqaviləsi istiqamətində aparılan danışıqlar, regional kommunikasiya xətlərinin açılması təşəbbüsləri və beynəlxalq əməkdaşlığa yönəlmiş platformalar bu siyasətin praktiki təzahürləridir. Azərbaycan bu gün sülh ixrac edən dövlət kimi tanınır. Bakı diplomatiyası münaqişələrin həllində vasitəçi və etibarlı tərəfdaş rolunu oynayır. Bu isə təkcə regionda deyil, qlobal miqyasda da Azərbaycanın nüfuzunu möhkəmləndirir. Qazaxıstan səfəri həm də Türk Dövlətləri Təşkilatının gələcək istiqamətlərinə aydın mesaj idi. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Türk dövlətlərinin birliyi artıq mədəni və ideoloji səviyyədən çıxaraq praktik əməkdaşlıq və strateji sinerji mərhələsinə daxil olub. Bu inteqrasiya yalnız siyasi deyil, həm də iqtisadi və texnoloji müstəvidə genişlənir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və rəqəmsal inkişaf layihələri türk coğrafiyasını birləşdirən müasir ipək yolu missiyasını yerinə yetirir. Bakı, Nursultan, Ankara və Bişkek xətti artıq vahid türk güc mərkəzi kimi formalaşır.

Qazaxıstan bəyanatı bir daha göstərdi ki, Azərbaycan artıq regionda siyasət quran, istiqamət müəyyən edən, sabitlik yaradan bir dövlətdir. Cənab Prezident İlham Əliyevin liderliyi ilə formalaşan dövlət idarəçiliyi modeli strateji düşüncə, milli maraqlara sadiqlik və beynəlxalq məsuliyyət kimi üç dayağa əsaslanır. Enerji və nəqliyyat arteriyalarının qlobal bazarlara inteqrasiyası, türk dünyasında iqtisadi, elmi və təhlükəsizlik əməkdaşlığının institusional əsasda möhkəmləndirilməsi, sülh və diplomatik sabitliyin regional mexanizmlər üzərində qurulması.

Bu gün Azərbaycan təkcə öz inkişaf yolunu müəyyənləşdirmir, həm də regionun gələcəyinə yön verən lider dövlət kimi tanınır. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın siyasi mərkəzinə, türk dünyasının isə birləşdirici qüvvəsinə çevrilib. Qazaxıstanda səsləndirilən mesajlar bu liderliyin davamlılığını təsdiqləyir. Azərbaycanın sabahı sabitlik, əməkdaşlıq və tərəqqi üzərində qurulub-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.

  • Дата: 22-10-2025, 18:22
  • Автор: anskanal
Полная статья »

Səttar Möhbalıyev: "Prezident İlham Əliyevin Qazaxstanda səsləndirdiyi bəyanat regional sabitliyin və sülhün yeni mərhələsidir"


Oktyabrın 21-də Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident İlham Əliyevin bəyanatı həm iki qardaş dövlətin münasibətlərinin dərinliyini, həm də regional sabitliyin və yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən strateji baxışını əks etdirdi. Dövlət başçısının “Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi həm də yaxşı dostdur” fikri diplomatik ehtiramla yanaşı, Türk dünyasının birliyinə əsaslanan siyasi təfəkkürün ifadəsidir. Bu fikrin arxasında həm ortaq tarixi köklər, həm də bugünkü strateji məqsədlər dayanır. Cənab Prezident İlham Əliyevin “xalqımız üçün ən ağır dövrlərdə biz Qazaxıstanın qardaş dəstəyini hiss etmişik” deməsi isə sadəcə keçmişə xatirə deyil, gələcəyə ünvanlanan etimadın təsdiqidir. Bu bəyanat göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri sırf diplomatik əlaqələrdən çox-çox artıq, ideya və dəyərlər birliyinə əsaslanan strateji tərəfdaşlıq modelidir.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan əsas mövzulardan biri Azərbaycan–Ermənistan sülh prosesidir. Dövlət başçısı xatırlatdı ki, “Vaşinqtonda Prezident Trampın iştirakı ilə sülh sazişi paraflandı və Qazaxıstan bu məsələyə münasibət bildirən ilk ölkələrdən biri oldu.” Bu bəyanat regionda yeni diplomatik mərhələnin başlandığını göstərir. Azərbaycanın təşəbbüsləri sayəsində Cənubi Qafqazda artıq sülh sənədləri kağız üzərində deyil, real həyatda formalaşır. Cənab Prezident lham Əliyevin “Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb” fikri isə bunun praktik göstəricisidir. Qazaxıstanın Ermənistana göndərdiyi ilk taxıl yükü sülhün iqtisadi əsaslara söykəndiyini nümayiş etdirir. Bu, cənab Prezident İlham Əliyevin çoxillik siyasi strategiyasının davamıdır – sabitlik yalnız silahın susması ilə deyil, iqtisadi inteqrasiya və qarşılıqlı maraq əsasında bərqərar olur. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas strateji mövzulardan biri nəqliyyat-logistika sisteminin gələcəyinə dair mesajlar idi. Dövlət başçısı vurğuladı: “Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq.” Bu bəyanat Azərbaycanın artıq Avrasiyanın əsas tranzit və ticarət mərkəzinə çevrildiyini göstərir. Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər tam istifadəyə verilməsi regionun iqtisadi xəritəsini köklü şəkildə dəyişəcək, Orta Dəhliz (Trans-Caspian International Transport Route) ilə birləşərək, Asiyadan Avropaya qədər olan yüklərin daha təhlükəsiz və sürətli daşınmasına imkan yaradacaq. Bununla yanaşı, cənab Prezident İlham Əliyev TRIPP – “The Trump Route for International Peace and Prosperity” layihəsinin əhəmiyyətini qeyd edərək bildirdi ki, bu marşrut “Orta Dəhlizin daha bir seqmentini formalaşdıracaq.” Beləliklə, Azərbaycan yalnız enerji və logistika sahəsində deyil, qlobal sülh və iqtisadi tərəfdaşlıq modelində də aparıcı mövqeyini möhkəmləndirir. Cənab Prezident İlham Əliyevin bəyanatında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq ayrıca strateji xətt kimi qeyd edildi. Gələn il Bakıda keçiriləcək həm İslam Əməkdaşlıq Təşkilatının Sammiti, həm də Qazaxıstanın təşəbbüsü ilə formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammiti Azərbaycanın beynəlxalq diplomatiyada mərkəzi rola malik olduğunu göstərir. Bu tədbirlər Türk dünyasının iqtisadi, siyasi və humanitar inteqrasiyasının real dayaqlarını möhkəmləndirəcək. Cənab Prezidet İlham Əliyevin dediyi kimi, “biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik” – bu, artıq birgə strateji kimliyin ifadəsidir. Cənab Prezident İlham Əliyev çıxışında Qazaxıstanın Qarabağın bərpasında iştirakını xüsusi minnətdarlıqla qeyd etdi. Füzulidə açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu qardaşlığın rəmzi kimi təqdim edildi: “Hər bir Azərbaycan vətəndaşı həmin mərkəzdən keçərkən qardaş köməyinin şahidi olur.” Bu fakt həm “Böyük Qayıdış” layihəsinin mənəvi dəyərini, həm də türk dövlətləri arasında qardaşlıq bağlarının praktik təzahürünü göstərir. Bu əməkdaşlıq modeli regionda humanitar diplomatiyanın ən gözəl nümunəsidir. Cənab Prezident İlham Əliyevin fikrincə, “Cənubi Qafqaz və Mərkəzi Asiya artıq vahid coğrafi məkan çərçivəsində çıxış edir.” Bu yanaşma yeni regional arxitekturanın siyasi əsaslarını müəyyənləşdirir. Azərbaycan–Qazaxıstan tandemi bu sistemin təməl sütunlarından biridir. Əgər ötən onilliklərdə bu əlaqələr daha çox iqtisadi və mədəni əməkdaşlıq üzərində qurulurdusa, bu gün artıq təhlükəsizlik, nəqliyyat, enerji və sülh məsələlərini əhatə edən kompleks strateji modelə çevrilib. Cənab Prezident İlham Əliyevin Qazaxıstanda səsləndirdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan artıq regional oyunçu deyil, qlobal proseslərdə fəal rol oynayan, strateji lider dövlətdir. Bu liderlik dövlət başçısının uzaqgörən siyasəti, prinsipial mövqeyi və milli maraqlara əsaslanan diplomatiya fəlsəfəsi üzərində qurulub. Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin, sülhün və iqtisadi inteqrasiyanın əsas təminatçısıdır. Zəngəzur dəhlizi, Orta Dəhliz və TRIPP layihələri ölkəmizi Avrasiyanın əsas logistika və enerji mərkəzinə çevirəcək. Bu iqtisadi güc, siyasi etimadla birləşərək Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sülh diplomatiyası təkcə Ermənistanla münasibətləri normallaşdırmır, həm də regionda yeni əməkdaşlıq modelini formalaşdırır. Bu modelin əsas prinsipi sadə, lakin dərin məzmunludur — ədalət, qarşılıqlı hörmət və real inkişaf. Gələcəyə baxışda Azərbaycanın qarşısında üç əsas istiqamət prioritet olaraq qalır. Enerji və nəqliyyat arteriyalarında liderlik mövqeyinin qorunması, Türk dünyası inteqrasiyasının siyasi və iqtisadi əsaslarının dərinləşdirilməsi və Qafqazda sülh və sabitliyin uzunmüddətli institusional təminatı. Bu istiqamətlər Azərbaycanın milli güc konsepsiyasının ayrılmaz hissəsidir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq Cənubi Qafqazda yeni geosiyasi nizamın memarı, Türk dünyasında birləşdirici qüvvə, Avrasiya miqyasında isə sabitliyin və inkişafın təminatçısıdır. Beləliklə, Qazaxıstanda səsləndirilən bəyanat təkcə diplomatik çıxış deyil, Azərbaycanın gələcək siyasi və iqtisadi vizyonunun konseptual ifadəsidir-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.

  • Дата: 22-10-2025, 10:53
  • Автор: anskanal
Полная статья »

Kamaləddin Qafarov: “ Zəngilan Böyük Qayıdışın rəmzi, tarixin ədalətinin təntənəsidir”

“20 oktyabr 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilan rayonu erməni işğalından azad edildi. 27 ildən çox düşmən tapdağı altında qalan bu qədim Azərbaycan torpağı azad olundu.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Zəngilanın strateji əhəmiyyəti danılmazdır. “Tarixi Zəngəzur bölgəsi ötən əsrin əvvəllərində süni şəkildə bölünərək, böyük hissəsi Ermənistana verilmiş, yalnız Zəngilan, Laçın və Qubadlı Azərbaycanda qalmışdır. 1993-cü ildə isə bu rayonlar da işğal edildi. Zəngilan əhalisi 67 gün mühasirədə döyüşdü, minlərlə insan Araz çayını keçərək ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmalı oldu.”

Millət vəkili tarixi ədalətin məhz Azərbaycan Ordusunun qəhrəmanlığı və cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində bərpa edildiyini vurğulayıb: “Vətən müharibəsinin gedişində Zəngilan rayonunun 4 qəsəbəsi və 49 kəndi azad edildi, Azərbaycan-İran sərhədi boyunca nəzarət tam bərpa olundu. Bundan sonra dövlət başçısının imzaladığı sərəncamla “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və minlərlə hərbi qulluqçu bu medalla təltif olundu. Bu gün isə Zəngilan sözün əsl mənasında bərpa və quruculuğun simvoluna çevrilib. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə burada ilk “Ağıllı kənd” – Ağalı kəndi salındı. Bu kənd təkcə müasir texnologiyaların deyil, həm də dövlət siyasətinin mərkəzində insanın dayandığını göstərən bir nümunəyə çevrildi. Yaşıl enerji, yüksək keyfiyyətli infrastruktur, smart idarəetmə – bütün bunlar Azərbaycan modelinin real göstəriciləridir. Bütün bu proseslər Böyük Qayıdışın real mərhələyə keçdiyini göstərir. Artıq Zəngilan rayonunun 2040-cı ilədək inkişafını əhatə edən baş plan təsdiqlənib, yaşayış kompleksləri, sosial obyektlər və sənaye sahələri inşa olunur. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli sərəncamı ilə 20 oktyabr “Zəngilan Şəhəri Günü” elan olunub. Bu, həm simvolik, həm də strateji qərardır – azad edilmiş torpaqların dirçəlişinə verilən yüksək dəyərin göstəricisidir. Zəngilan artıq yalnız keçmişin deyil, eyni zamanda gələcəyin şəhəridir. Bu torpaqlara həyat, sülh və inkişaf qayıdır. Və bu dönüşün müəllifi – cənab Prezident İlham Əliyevin əzmkar, uzaqgörən və milli maraqlara söykənən liderliyidir”.

  • Дата: 20-10-2025, 10:18
  • Автор: anskanal
Полная статья »
Səttar Möhbalıyev: "Azərbaycan–Qazaxıstan münasibətləri qardaşlığın, etimadın nümunəsidir "
 
Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu gün təkcə iki ölkə arasında əməkdaşlığın nümunəsi deyil, həm də türk dünyasında qardaşlıq və etimadın təcəssümüdür. Cənab Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi eksklüziv müsahibə bu münasibətlərin dərinliyini, çoxşaxəliliyini və gələcəyə yönəlmiş strateji mahiyyətini bir daha nümayiş etdirdi.
Dövlət başçısının sözləri ilə desək, “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.”
Bu etimad tarixi köklərdən qaynaqlanır və ortaq türk kimliyi, oxşar mədəni ənənələr, mənəvi dəyərlər və ən əsası, bir-birinə sarsılmaz dəstək ruhu ilə daha da möhkəmlənir.
 
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
 
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.”
 
Bu müttəfiqlik son illərdə xüsusi dinamika qazanıb. Azərbaycan Prezidentinin son üç ildə Qazaxıstana yeddinci səfəri, eləcə də Prezident Kasım-Jomart Tokayevin Azərbaycana altı dəfə səfəri liderlər arasında yüksək səviyyəli siyasi dialoqun göstəricisidir. Azərbaycan–Qazaxıstan münasibətləri artıq formal diplomatiyanı aşaraq strateji əməkdaşlığa çevrilib. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə imkan verir.” Bu dialoq regionda sabitliyin və qarşılıqlı dəstəyin əsas sütunlarından biridir. Dövlətlərarası münasibətlərin hüquqi bazasını möhkəmləndirən “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə” 20 ildir iki qardaş ölkə arasında əməkdaşlığın möhkəm təməlini təşkil edir. Azərbaycan və Qazaxıstan iqtisadi əlaqələrdə təkcə ticarət partnyoru deyil, həm də Avrasiya məkanında strateji nəqliyyat arteriyasının qurucularıdır. Cənab Prezident İlham Əliyev qeyd edir ki, “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar–avqust aylarında isə bu rəqəm üç dəfə çox olmaqla 547 milyon dollara çatıb.”
Bu artım, Orta Dəhlizin səmərəli işləməsinin və nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsinin nəticəsidir. Azərbaycanın Qazaxıstana yatırdığı 225 milyon dollarlıq investisiya və Qazaxıstanın Azərbaycana yönəltdiyi 136 milyon dollarlıq sərmayə tərəflərin iqtisadi etimadının göstəricisidir. Bu, həm də regionun iqtisadi inteqrasiyası baxımından nümunəvi əməkdaşlıq modelidir.
 
Millət vəkili onu da bildirib ki, cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açır.” Orta Dəhliz — yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu — bu gün həm Avropa, həm də Asiya arasında körpü rolunu oynayır. 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında tranzit daşımalarının 20 faiz artması bu əməkdaşlığın real nəticəsidir. Aktau və Ələt limanları bu sistemin strateji mərkəzinə çevrilib. SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu üzrə neft tranziti barədə imzalanan saziş isə enerji əməkdaşlığında yeni mərhələ açıb. Prezident İlham Əliyev qeyd edir ki, bu istiqamətdə “tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması” barədə razılaşmalar regionda iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi və bərpaolunan enerji mənbələrinin təşviqi üzrə razılaşmalar regionun ekoloji və iqtisadi sabitliyinə mühüm töhfə verir. Bunlarla yanaşı Azərbaycan–Qazaxıstan münasibətlərinin mühüm istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıqdır. Cənab Prezident İlham Əliyev TDT-nin rolunu belə xarakterizə edir: “Təşkilat türk xalqları arasında həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verir.” TDT artıq təkcə mədəni bir platforma deyil, siyasi, iqtisadi və təhlükəsizlik baxımından güc mərkəzinə çevrilməkdədir. Azərbaycanın Naxçıvanda əsasını qoyduğu bu təşkilat, Şuşa və Qəbələdə keçirilən Zirvə görüşləri ilə yeni strateji mərhələyə qədəm qoyub. Bu görüşlər Türk dünyasının inteqrasiyasına, ortaq dəyərlərin siyasi platformaya çevrilməsinə və qlobal arenada bir güc kimi formalaşmasına yol açır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan təşəbbüslər türk birliyinin siyasi, iqtisadi və mədəni gücünü artırır.” Azərbaycan və Qazaxıstanı birləşdirən mədəni bağlar isə tarixdən gəlir, amma bu gün də eyni dərinliklə davam edir. Cənab Prezident İlham Əliyevin sözləri ilə, “mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayır.” 2023–2024-cü illərdə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, yazıçı və alimlərin yubileylərinə həsr olunan tədbirlər bu əlaqələrin canlılığını göstərir. Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi, Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfranslar ədəbi mübadilənin qardaşlıq dəyərləri ilə yoğrulduğunu sübut edir. Cənab Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutan məsələlərdən biri də Xəzər dənizinin ekoloji vəziyyətidir. O, xəbərdarlıqla bildirir: “Xəzər dənizində suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.”
Bu, həm ekoloji, həm də iqtisadi təhlükədir. Ona görə də Azərbaycan və Qazaxıstan bu istiqamətdə birgə elmi və praktiki tədbirlər həyata keçirməklə Xəzərin ekoloji tarazlığının qorunmasında lider mövqe tutur.
Cənab Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri sıradan diplomatik əlaqələr deyil – bu, “tarixi qardaşlıq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq” üzərində qurulmuş, türk dünyasının gələcəyinə yönəlmiş bir modeldir. Bu münasibətlər təkcə iki ölkənin deyil, bütün Türk coğrafiyasının siyasi, iqtisadi və mədəni gücünün möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstan bu gün Orta Dəhlizdə, TDT çərçivəsində, Xəzər dənizinin qorunmasında və enerji təhlükəsizliyində bir-birini tamamlayan iki sütun kimi dayanır. Elə bu səbəbdən də cənab Prezident İlham Əliyevin dediyi kimi, “Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir”-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.


  • Дата: 19-10-2025, 12:49
  • Автор: anskanal
Полная статья »
Kamaləddin Qafarov: “ Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır”
 
“30 illik işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaradılmışdı. Hərbi mütəxəssislərin fikrincə, Füzuli rayonu istiqamətində xüsusilə möhkmləndirilmiş istehkamlar daha çox idi”
 
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
 
O, sözünə davam edərək bildirib ki, məhz Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərə bilərdi və bu, belə də oldu. “Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin gedişində şanlı ordumuzun qəhrəman döyüşçüləri istehkamları öz canları və qanları bahasına keçərək oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında daim xüsusi olaraq vurğulayır ki, bu günə görə biz hamımız şəhidlərimizə borcluyuq. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Məhz bu qəhrəmanlıq və fədakarlıq gələcək nəsillərin xoşbəxt həyatını təmin edən əsas amildir. Bu qəhrəmanlığın əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunublar.”
 
Millət vəkili Böyük Qayıdış Proqramının hazırda işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Füzuli rayonunda da uğurla icra olunduğunu diqqət mərkəzinə çəkib: “Bu gün Böyük Qayıdış Proqramının uğurlu icrasını artıq bütün dünya böyük diqqətlə və heyranlıqla izləyir. Dövlətimiz tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün gənc füzulililərin də öz doğma torpaqlarına qayıtmaları son dərəcə qürurverici hadisədir. Həqiqətən də uşaq, yeniyetmə və gənclərin bu torpaqları heç zaman görmədikləri halda belə bir qərar vermələri bir çox önəmli məqamlardan xəbər verir. Bu, xalqımızın böyüklüyünü və doğma diyarına bağlılığını göstərir. Artıq bütün dünya görür ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir və sarsılmazdır. Bu gün bütün xalqımız 17 oktyabr-Füzuli Şəhəri Gününü böyük fərəh hissi ilə qeyd edir. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi də bu sarsılmaz bağlılığın daha bir təzahürüdür”.
  • Дата: 17-10-2025, 10:06
  • Автор: anskanal
Полная статья »


Nəsimi Rayon Mənzil-Kommunal Təchizat Birliyinin 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Yasin Əlquliyev uzun illərdir ki, dövlətinə, Prezidentinə və rəhbərliyə sədaqətli xidməti ilə tanınır. Onun rəhbərlik etdiyi sahədə peşəkarlıq, məsuliyyət və işin səmərəliliyi hər zaman ön plandadır.

Yasin Əlquliyev sahənin bütün fəaliyyətini müasir standartlara uyğun qurur. O, xidmətin keyfiyyətini artırmaq, texniki avadanlıqları yeniləmək və işçilərin bacarıqlarını təkmilləşdirmək istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu yanaşma sakinlərin rahatlığı və məmnuniyyəti üçün əsas zəmin yaradır.

Rəhbər sahədə yalnız texniki işlərin deyil, həm də insanlara göstərilən xidmətin yüksək səviyyədə olmasını prioritet hesab edir. Vətəndaş müraciətlərinə həssas yanaşır, problemlərin operativ həllinə çalışır və hər bir vətəndaşın etimadını qazanır.

Yasin Əlquliyev işçilərlə münasibətlərdə qarşılıqlı hörmət və etimadı əsas götürür. Onun rəhbərliyi altında sahədə sabit və məsuliyyətli iş mühiti formalaşıb. Hər bir işçi bilir ki, rəhbər yalnız tələbkar deyil, həm də qayğıkeşdir.

Sahədə sosial məsuliyyət məsələlərinə də xüsusi diqqət yetirilir. Yasin Əlquliyev şəhid ailələri, qazilər və aztəminatlı vətəndaşlarla daim əlaqədə olur, onlara yardım göstərir, bayramlarda və xüsusi günlərdə dəstək aksiyaları təşkil edir.

Rəhbərin diqqətindən kənarda qalmayan digər sahə texniki inkişafa yönəlib. O, su, elektrik və digər kommunal xidmətlərin fasiləsiz təmin olunması üçün bütün layihələrin icrasını yaxından izləyir və keyfiyyətinə cavabdehdir.

Yasin Əlquliyev rayon rəhbərliyi və dövlət orqanları ilə sıx əməkdaşlıq edir. Bu koordinasiyalı iş vətəndaşların xidmətə çıxışını sürətləndirir və kommunal işlərin daha şəffaf, effektiv olmasını təmin edir.

O, həm texniki, həm də inzibati məsələlərdə nümunəvi səriştəyə malikdir. Hər bir layihə və tədbir onun rəhbərliyi ilə sistematik, planlı və şəffaf şəkildə həyata keçirilir.

Rəhbərin dövlətinə və Prezidentinə sədaqəti hərəkətlərində açıq görünür. O, bildirir ki, dövlətin etimadını doğrultmaq yalnız işin keyfiyyətli görülməsi ilə mümkündür.

Yasin Əlquliyev işçilərin peşəkarlığını artırmaq üçün mütəmadi təlimlər, seminarlar və tədris tədbirləri təşkil edir. Bu, sahədə fəaliyyətin müasir standartlara uyğun və səmərəli aparılmasını təmin edir.

Şəffaflıq və dürüstlük onun idarəçilik prinsipidir. Hər bir vətəndaş və işçi bilir ki, onun qarşısına qoyduğu məsələ vicdanla və dövlət maraqlarına uyğun həll olunacaq.

Yasin Əlquliyev sahədə həyata keçirdiyi layihələr, icra etdiyi yeniliklər və sosial məsuliyyəti ilə yalnız işçilərin deyil, sakinlərin də hörmətini qazanıb.

Onun rəhbərliyi altında 23 saylı mənzil-kommunal istismar sahəsi Nəsimi rayonunda həm xidmət keyfiyyəti, həm də sakinlərin məmnuniyyəti baxımından nümunəvi müəssisəyə çevrilib. Yasin Əlquliyev bu uğurlar ilə dövlətin və cəmiyyətin rifahına mühüm töhfələr verir.

  • Дата: 15-10-2025, 22:45
  • Автор: anskanal
Полная статья »